Rusiya ATƏT-in Minsk Qrupu həmsədrlərinin Qarabağa səfər edə bilməməsindən narahatdır.
KONKRET.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç deyib: “Bizi nə narahat edir? “Həmsədrlər hələ də regiona səfər edə və vəziyyətlə tanış ola bilməyib. Eyni zamanda təmasların qurulmasında və humanitar problemlərin həllində tərəflərə kömək etmək üçün konkret tədbirlər görə bilməyiblər” – Lukaşeviç vurğulayıb.
Rusiyalı diplomat yaxın gələcəkdə həmsədrlər üçlüyünün regiona səfər edəcəyinə, Ermənistan və Azərbaycanın siyasi rəhbərliyi ilə danışa biləcəyinə ümid etdiyini deyib.
Xatırladaq ki, Noyabrın 9-dan sonra Putin, Əliyev və Ərdoğan Qarabağ probleminin həll olunduğunu bildiriblər və ATƏT-in Minsk Qrupu çərçivəsində siyasi nizamlanmaya ehtiyac qalmadığını diqqətə çatdırıblar. Xüsusən də status məsələsinin müzakirə edilməyəcəyini açıqlayıblar. Bununla belə ABŞ və Fransa noyabrın 9-da imzalanan bəyanatı münaqişənin həlli hesab etmədiklərini deyiblər.
2020-ci il noyabrın 9-dan sonra həmsədrlər regiona səfərə gəliblər. Lakin rusiyalı həmsədr səfərdə iştirak etməyib. Bakıda amerikalı və fransalı həmsədrləri qəbul edən Əliyev Minsk Qrupunun siyasi nizamlanması ilə razılaşmayacağını diqqətə çatdırıb.
Moskva Minsk Qrupunda “bir ayağı” ilə qalır. Çünki bu, Qərblə bərabər səviyyədə ünsiyyət qurmaq üçün yeganə platformadır. Bundan əlavə, Moskva Minsk Qrupunda Putin-Lavrov planını və Rusiya-Türkiyə razılaşmalarını legitimləşdirməyə çalışır. Yalnız humanitar problemləri Minsk qrupuna həvalə edir.
Rusiyalı funksionerin bəyanatına əsasən, Minsk qrupunun qərbli həmsədrləri Moskvanın təklifini qəbul etmirlər. Bundan əvvəl ABŞ, NATO və ATƏT yumşaq desək Moskvanın təhlükəsizlik zəmanətini və NATO-nun genişlənməməsi tələbini rədd edib.
Müşviq Tofiqoğlu
KONKRET.az
