Gəncə Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyətilə qəsdən adam öldürməyə cəhddə, xuliqanlıqda ittiham edilən Samir Ələkbərov və xuliqanlıqda təqsirləndirilən Canpolad Dadaşzadənin (hər ikisinin soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, hakim Elşən Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Samir Ələkbərov 15 il 6 ay və Canpolad Dadaşzadə isə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
İttiham aktına əsasən, hadisə 2024-cü ildə saat 19:40 radələrində Tovuz rayonunun Köhnəqala kəndində yerləşən kafelərdən birinin qarşısında baş verib.
Belə ki, Tovuz rayonunun Məşədilər kənd sakinləri olan Samir Ələkbərov və tanışı Canpolad Dadaşzadə bir qrup şəxslə birlikdə sərxoş vəziyyətdə kafedə olarkən Köhnəqala kənd sakinləri – zərərçəkmiş Aqil Nağızadə ilə Xalid İmanovla (hər ikisinin soyadı şərtidir) mübahisə ediblər. Mübahisə zamanı tərəflərin bir-birini söydüyü, daha sonra isə qarşıdurmanın küçədə davam etdiyi bildirilir.
Cinayət işinin materiallarına görə, Samir Ələkbərov kafedən çıxdıqdan sonra ətrafda çoxsaylı insanların olmasına baxmayaraq, küçədə yüksək səslə nalayiq ifadələr işlədərək mübahisəni davam etdirib. O, silah qismində istifadə etdiyi istintaqa məlum olmayan bıçağı nümayiş etdirərək ətrafdakılara hədə-qorxu gəlib və ictimai qaydanı kobud şəkildə pozub.
İttiham aktında qeyd olunur ki, Samir Ələkbərov əvvəlcə Aqil Nağızadənin üzərinə hücum edib. Daha sonra isə heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə Aqili qəsdən öldürmək qərarına gəlib.
Samir əlindəki bıçaqla Aqilə ardıcıl zərbələr endirib. Nəticədə zərərçəkmiş şəxs qarın boşluğuna daxilə nüfuz edən, qaraciyərin sol payının zədələnməsi ilə müşayiət olunan deşilmiş-kəsilmiş yara, döş qəfəsinin sol yan səthindən daxilə nüfuz edən və dalağın zədələnməsinə səbəb olan daha bir deşilmiş-kəsilmiş yara alıb. Bundan başqa, onun döş qəfəsi, hər iki bazu və bud nahiyəsinə müxtəlif dərəcəli daha dörd bıçaq xəsarəti yetirildiyi göstərilir. Beləliklə, zərərçəkmişə ümumilikdə altı bədən xəsarətinin yetirildiyi bildirilir.
İttiham aktına görə, hadisə yerində olan Xalid idarə etdiyi “VAZ-2107” markalı avtomobili Samirin üzərinə sürərək onun hücumunun qarşısını alıb və Aqilə daha çox bıçaq zərbəsi endirməsinə mane olub.
Bundan dərhal sonra yaralı hadisə yerində olan digər şəxsin idarə etdiyi “VAZ-2106” markalı avtomobillə təcili olaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin vaxtında göstərdiyi təxirəsalınmaz tibbi yardım nəticəsində onun həyatını xilas etmək mümkün olub.
İstintaq orqanının qənaətinə görə, Samir Ələkbərov zərərçəkmişi öldürmək niyyətini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyib. Bu səbəbdən ona xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd və silah qismində istifadə olunan əşyadan istifadə etməklə xuliqanlıq etmə maddələri ilə ittiham irəli sürülüb.
Hadisədən sonra hər iki şəxs saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
