Britaniyaya üç gün ərzində 1200-ə yaxın qeyri-qanuni miqrant gəldi: Miqrasiya siyasəti yenidən müzakirə mövzusundabackend

Britaniyaya üç gün ərzində 1200-ə yaxın qeyri-qanuni miqrant gəldi: Miqrasiya siyasəti yenidən müzakirə mövzusunda

İngiltərə kanalını qanunsuz keçənlərin üç həftəlik fasiləsindən sonra cəmi üç gün ərzində kiçik qayıqlarla Böyük Britaniyaya təxminən 1200 qeyri-qanuni miqrant gəlib.

KONKRET.az xəbər verir ki, yerli mediada yayılan məlumatlara görə, onların əksəriyyəti Afrika və müsəlman ölkələrindən olan, sənədləri və keçmişləri barədə aydın məlumat olmayan gənc kişilərdir. Bildirilir ki, onların yarıdan çoxunun orta təhsili və ya hər hansı peşə bacarığı yoxdur.

İddialara əsasən, miqrantların bir qismi Böyük Britaniyaya gəldikdən sonrakı iki il ərzində yaxın və uzaq qohumlarının da ölkəyə köçməsinə şərait yaradır.

Nümunə kimi isə bu yaxınlarda Böyük Britaniyada universitet təhsili almaq üçün ödənişsiz yer ayrılmış fələstinli qadının özü ilə birlikdə 18 qohumunu da ölkəyə gətirdiyi bildirilir.

Miqrantlar tək barmaqlarını nümayişkaranə şəkildə yuxarı qaldırır, fotoqraflara bu formada poz verirlər .
Əslində, İslamda şəhadət barmağının yuxarı qaldırılması tövhidi – Allahın vahidliyinə və təkliyinə inamı ifadə edir. Bu jest müsəlmanlar tərəfindən ibadət və dua zamanı da istifadə olunur və özlüyündə radikalizmin göstəricisi hesab edilə bilməz. Bununla belə, İŞİD də daxil olmaqla, bəzi islamçı terror təşkilatlarının həmin işarədən təbliğat məqsədilə istifadə etdiyi məlumdur.

Mənbənin müəllifi bu jesti Britaniyaya gələn şəxsin mümkün radikal əlaqələri ilə əlaqələndirsə də, təkcə əl işarəsinə əsaslanaraq onun hansısa ekstremist təşkilatla bağlı olduğunu müəyyən etmək mümkün deyil.

Məqalədə daha sonra Böyük Britaniyanın miqrantlarla bağlı sosial təminat siyasəti tənqid olunur. İddia edilir ki, ölkəyə qanunsuz yollarla gələn şəxslər dərhal deportasiya edilmək əvəzinə, üç-dördulduzlu hotellərdə yerləşdirilir, gündə üç dəfə qida ilə təmin olunur, tibbi və stomatoloji xidmətlərdən pulsuz yararlanır, həmçinin limitsiz mobil internet paketi olan telefonlarla təmin edilirlər.

Xəbərlərdə bildirilir ki, belə şəxslər sonradan qısa müddətdə qaçqın statusu və növbədənkənar sosial mənzil əldə edə bilirlər.

Bütün bunları Böyük Britaniyanın miqrasiya və sosial təminat siyasətinin ciddi tənqidi kimi təqdim edən xəbərlər və yazılarda belə bir qənaətə gəlinir: “Britaniyada sol-radikal vokizm artıq sürrealizm həddinə çatıb”.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*