Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün yeni tərkibdə keçirilən ilk iclasında Məzahir Pənahov yenidən qurumun sədri seçilib.
KONKRET.az M.Pənahovun dosyesini təqdim edir:

Məzahir Pənahov 1951-ci il martın 13-də Tovuz rayonunun Qaraxanlı kəndində ziyalı ailəsində doğulub. 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə daxil olub və 1972-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirib.
1971–1972-ci illərdə Sankt-Peterburq şəhərində A. F. İoffe adına Fizika-Texnika İnstitutunun diplomçusu, 1973–1976-cı illərdə isə aspirantı olub. 1979-cu ildən elmlər namizədi, 1992-ci ildən elmlər doktorudur. 1977-ci ildən 1993-cü ilədək Bakı Dövlət Universitetində müəllim, baş müəllim və dosent işləyib. 1993-cü ildən Bakı Dövlət Universitetinin “Ümumi fizika və fizikanın tədrisi metodikası” kafedrasının professoru, 1996-cı ildən 2019-cu ilədək həmin kafedranın müdiri olub.
1982–1983-cü illərdə Böyük Britaniyanın Mançester Universitetində, Təbiət Elmləri və Texnologiya İnstitutunda (UMIST) elmi tədqiqatlar aparıb.
1998–2000-ci illərdə MSK-nın Beynəlxalq Əlaqələr İdarəsinin rəisi işləyib. 2000-ci il mayın 19-da Azərbaycan Respublikasının Prezidenti, ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə MSK üzvü təyin olunub və həmin gün Komissiyaya sədr seçilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 mart 2011-ci il tarixli Sərəncamı ilə Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 mart 2021-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şərəf” ordeni ilə təltif edilib.
Evlidir, iki oğlu və bir qızı var.
