2026-cı il Azərbaycan iqtisadiyyatı üçün yeni çağırışların gündəmə gəldiyi dövr kimi qiymətləndirilir. Qlobal neft bazarında qiymətlərin dəyişməsi və enerji gəlirlərinin azalması ehtimalı ölkənin valyuta bazarına mümkün təsirləri də aktuallaşdırır. Azərbaycan iqtisadiyyatında neft amilinin xüsusi çəkisi nəzərə alınmaqla, gəlirlərin azalması fonunda manatın məzənnəsi ilə bağlı narahatlıqlar da artır.
Bəs neft gəlirlərinin azalması manatın məzənnəsinə təzyiq yarada və devalvasiya riskini gündəmə gətirə bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisad üzrə fəlsəfə doktoru, İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev bildirib ki, hazırda manatın devalvasiyası ilə bağlı narahatlıqlar real iqtisadi vəziyyəti əks etdirmir.

Ekspertin sözlərinə görə, Azərbaycanın strateji və valyuta ehtiyatlarının artması milli valyutanın sabitliyinin qorunmasında mühüm rol oynayır:
“Belə qeyd edim ki, ümumilikdə Azərbaycanın strateji və valyuta ehtiyatları artır. Hazırda valyuta sabitliyi müşahidə olunur. Son dövrlərdə isə manatın dollar qarşısında dəyəri artmaqdadır. Buna görə də manatın hər hansı devalvasiyaya uğraması ilə bağlı narahatlıqlar reallığı əks etdirmir”.
Ruslan Atakişiyev qeyd edib ki, manatın məzənnəsinin qorunmasında dövlət tənzimlənməsi də mühüm əhəmiyyət daşıyır:
“Çünki manatla bağlı dövlət tənzimlənməsi var. Ehtiyatlar və həmin tənzimləmə də bu prosesdə mühüm rol oynayır”.
Beləliklə, ekspertin fikrincə, Azərbaycanın strateji və valyuta ehtiyatlarının artması, eləcə də manatın məzənnəsinə dövlət tənzimlənməsinin mövcudluğu hazırda devalvasiya ilə bağlı narahatlıqların əsaslı olmadığını göstərir.
Aynurə İsmayıl
KONKRET.az
