“Müxtəlif sahələrdə çalışan iş adamlarını birləşdirən bir məsələ var: hamısı deyir ki, dövriyyədə pul yoxdur, dövriyyə azalıb, satışlar/sifarişlər çöküb. Ölkədə avtomobil, əmlak bazarında ciddi durğunluq var, ölkə idxal kəskin azalıb, iqtisadi artım 0% dir – bütün bunlar deyilənləri sübut edir. Yaxşı, nə baş verdi ki, müxtəlif sahələrdə çalışanların eyni problemi yaranıb? Maliyyə Nazirliyinə tapşırılıb ki, büdcə xərclərinə qənaət edilsin. Lap yaxşı, doğrudan da, izafi xərclər azalmalı, büdcə xərcləri sağlamlaşdırılmalıdır. Sadəcə, ciddi bir məsələ var: ölkənin iqtisadi aktivliyi, ölkə iqtisadiyyatı büdcə xərclərindən çox asılıdır. Model belə qurublar ki, ölkə iqtisadiyyatına pul büdcədən axır, sonradan dövr edir, biznes də öz payını bundan alırdı”.
KONKRET.az-ın xəbərinə görə, bunu iqtisadçı Natiq Cəfərli bildirib.
N.Cəfərli qeyd edib ki, Maliyyə Nazirliyi xərcləri kəskin azaldaraq, monitorinqlərə başlayıb: “Bu isə o deməkdir ki, büdcədən müxtəlif satınalmalara, təmir-tikinti işlərinə ayrılan vəsait ya dayanıb, ya da kəskin azalıb. Bu isə bütün iqtisadiyyata təsir edir. Necə? Təsəvvür edin ki, “A” şirkəti dövlət sifarişi ilə, tutaq ki, məktəb tikir. “A” şirkətinin sahibinin bir az pulu var, bir az da kredit alıb, öz vəsaiti hesabına tikintidə bir az iş görür ki, ardınca büdcədən vəsaiti ayıracaqlar. Ay olub iyun, il olub yarı, amma məsələn, vəsait hələ ayrılmayıb. Bu zaman bilirsiz nə baş verir? “A” şirkəti sement, armatur alıb, onun pulunu verə bilmir, sement, armatur satan maşın almalı idi, pul gəlməyib, maşın ala bilmir. Maşın satan evini təmir etdirməli idi, pul yoxdur, ustaya pul verə bilmir, usta gözünü o sifarişə tikmişdi, o da pulsuz qalıb, amma məhəllə mağazasında nisyə dəftərində 500 manat borcu var, onu ödəyə bilmir, mağaza sahibi o 500 manatı gözləyir ki, gedib qızına telefon alsın, pul yoxdur, ala bilmir, telefon satan da müştəri gözləyirdi ki, 500 manata telefon satıb ailəsini 2 günlük Şamaxıya aparsın, pul yoxdur, apara bilmir, Şamaxıdaki obyekt sahibi də yay mövsümünü gözləyirdi ki, qazanıb bankın kreditini ödəsin, pul yoxdur, krediti ödəyə bilmir. Siyahını uzada bilərəm, amma, mahiyyəti, çox güman anladınız – büdcədən asılı sistem qurub, sonra büdcə xərclərini kəsib, qənaət edib, həmin pulu banklara depozitə qoymaq olmaz, belə olanda bütün sistem dayanır, alver ölür, qazanc azalır, iqtisadiyyat olur 0%…”
