Nikol dövlət sərhədlərini Fransaya TAPŞIRIR – Təhlükəli SSENARİbackend

Nikol dövlət sərhədlərini Fransaya TAPŞIRIR - Təhlükəli SSENARİ

Cənubi Qafqazda düyünə düşən siyasi proseslər hələ də həll olunmayıb və bunun üçün qarşı tərəfdən siyasi iradə tələb olunur. Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən proseslər ləngiyir. Ermənistan baş naziri Nikol Paşinyan dəfələrlə bölgəni iflic edən kommunikasiyaların açılacağını bildirsə də, məlum olub ki, həmin bəyanatlar siyasi manipulyasiyadan başqa bir şey deyil. Paşinyan növbəti dəfə Ermənistan ərazisindən keçən kommunikasiyaların açılacağını bəyan edib.

Məsələni KONKRET.az-a şərh edən siyasi ekspert Elçin Mirzəbəyli bildirib ki, Nikol Paşinyan kommunikasiyalardan danışanda təbii ki, öz ərazisindən keçən Zəngəzur dəhlizini nəzərdə tutur: “Ermənistanın iddiası həmin yola  özünün prosesə cəlb etdiyi qüvvələrin nəzarətinə imkan yaratmaqdan ibarətdir.

Ermənistan nəyin bahasına olursa-olsun 10 noyabr bəyanatının prinsiplərini bu prosesdə tətbiq olunmasını qətiyyən arzulamır. Görünür, onun konkret öhdəlikləri var. Qeyd edim ki, Ermənistanın hazırda Zəngəzur dəhlizinə nəzarət edəcək potensialı və gücü yoxdur. Bu reallıqda açıq şəkildə görünür. Ermənistanın Türkiyə və İranla sərhədlərini Rusiya hərbçiləri  qoruyur. Buna görə də yolun Ermənistanın qoruması üçün öz resurslarından istifadə edəcəyi inandırıcı görünmür”.

Ermənistanın öhdəliklərdən imtina etməsinə toxunan politoloq bildirib ki, Paşinyan Zəngəzur dəhlizinin Rusiyanın nəzarəti altında olmasını arzulamır:

“Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. 10 noyabr bəyanatının prinsiplərinin Ermənistan tərəfindən yerinə yetirilməməsi barədə konkret səbəblərə gəlincə, aydındır ki, Ermənistan nəyin bahasına olursa-olsun bu prosesə xarici qüvvələri cəlb etməyə çalışır. Şübhəsiz ki, Zəngəzur dəhlizini bölgəyə cəlb etmək istədiyi qüvvələrə tapşırmaq niyyətindədir. Bu da Paşinyanın üzərinə götürdüyü öhdəliklərlə tamamilə ziddir”.

Bu ilin sonuna qədər sülh müqaviləsinin bağlanma ehtimalına toxunan Elçin Mirzəbəyli bildirib ki, sülh müqaviləsinin detalları yalnız Azərbaycanla Ermənistan arasında müzakirə olunacaq məsələdir: “Hazırda məsələnin beynəlxalq müstəviyə çıxarılması üçün əsas yoxdur. Çünki bir müddət öncə regiondakı reallıqlar artıq mövcud deyil. Ermənistan və himayəçiləri tərəfindən qaldırılan məsələlər də artıq öz aktuallığını itirib.

Bununla yanaşı, önəmli olan faktorlardan biri çox güman ki, müzakirə predmeti olacaq. Bu, reinteqrasiya prosesinin qarşılıqlı şəkildə həyata keçrilməsidir. Əgər Azərbaycan ərazilərindən öz xoşlarıyla köçən ermənilər geri qayıtmaq istəsələr, o zaman proses qarşılıqlı şəkildə həyata keçirilməlidir. Burada söhbət 300 min Qərbi azərbaycanlının öz ata-baba yurdlarına qayıdışından gedir. Düşünürəm ki, müzakirə predmeti olacaq vacib məsələlərdən biri də budur. Əks təqdirdə prosesin birtərəfli qaydada baş tutması mümkün deyil. Sırf Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələsi iki dövlət arasındakı diplomatik əlaqələrin qurulmasından, delimitasiya prosesinin davam etdirilməsindən asılı olan məqamlardır. Azərbaycanın mövqeyi ortadadır. Amma bu proses iki dövlət arasında region müstəvisində həll olunacaq məsələ olduğu üçün bunun beynəlxalq müstəviyə çıxarılmasına ehtiyac qalmayıb. Xarici oyunçuların, xüsusilə də regiondan kənar qüvvələrin bu məsələdə hər hansı bir formada iştirakı prosesi yalnız və yalnız əngəlləyə bilər”.

Vəli Həsənov,

KONKRET.az

  • Nizami
    Oktyabr 27, 2023 - 17:59

    Hörmətli Elçin bəy düzgün qeyd elədi :Əgər Azərbaycan ərazilərindən öz xoşlarıyla köçən ermənilər geri qayıtmaq istəsələr, o zaman proses qarşılıqlı şəkildə həyata keçirilməlidir. Burada söhbət 300 min Qərbi azərbaycanlının öz ata-baba yurdlarına qayıdışından gedir. Düşünürəm ki, müzakirə predmeti olacaq vacib məsələlərdən biri də bud.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*