Oyuncaq seçimində DİQQƏTLİ OLUN – Millət vəkilindən ÇAĞIRIŞbackend

Oyuncaq seçimində DİQQƏTLİ OLUN - Millət vəkilindən ÇAĞIRIŞ

Hər bir ölkə, cəmiyyət üçün uşaqlarla gənclərin fiziki və mənəvi inkişafı vacibdir.

KONKRET.az mövzu ilə bağlı millət vəkili Elşad Mirbəşiroğludan müsahibə alıb.

Deputat bildirib ki, hər bir ölkənin gələcəyinin bugünkü gənclikdən asılı olduğu şübhəsizdir:

“Nəzərə almaq lazımdır ki, gənclər fiziki və mənəvi cəhətdən nə qədər sağlamdırsa, onların gələcəkdə xalqı, dövləti üçün bir o qədər səmərəli fəaliyyət göstərmək imkanları olacaqdır. Xüsusilə də həm uşaqların, həm gənc nəslin mənəvi tərbiyəsi ilə davamlı məşğul olmaq, hesab edirəm ki, bütövlükdə güclü cəmiyyət quruculuğu prosesinin ən vacib istiqamətini təşkil edirdi. Bizim dövlətimizin ərazilərinin 20 faizə qədəri 30 ilə yaxın müddətdə erməni işğalında olub. I Qarabağ müharibəsində də, II Qarabağ savaşında da bütün dünya müşahidə etdi ki, Azərbaycan xalqı necə yüksək vətənpərvər igidlərə malikdir. Bu mənada Azərbaycan gəncini xüsusi qeyd etmək lazımdır. Azərbaycan gəncində vətənə bağlılıq ruhu, Azərbaycan gəncində yüksək vətənpərvərlik hissi, Azərbaycan gəncində digər mənəvi, əxlaqi dəyərlər ən yüksək səviyyədə olmasaydı, sözsüz ki, biz cəmi 44 gün müddətində düşməni bu dərəcədə darmadağın edib torpaqlarımızı işğaldan azad edə bilməzdik”.

Bunu hər şeydən öncə Azərbaycan Ordusunun gücü adlandıran millət vəkili qoşunların gənclərdən təşkil olunduğunu xatırladıb. Amma ən vacib məqamlardan biri də ondan ibarətdir ki, “Bu gənclərimiz yüksək mənəvi, əxlaqi tərbiyə alıblar. Onlarda yüksək vətənpərvərlik hissləri formalaşıb.

Xatırlatmaq istəyirəm ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev bir neçə dəfə qeyd edib ki, torpaqlarımızın işğaldan azad olunmasında, əsasən, məhz onun rəhbərliyi dövründə yetişmiş gənclər iştirak edibdir. Bu həm də nəyin göstəricisidir? Yəni Azərbaycanda gənc nəslin sağlam ruhda dövlətə yararlı vətəndaş olaraq yetişdirilməsi istiqamətində dövlətin ayrıca bir siyasi və praktiki addımlar xətti olub. Təbii ki, gənclərin hər şeydən öncə müasir dövrün tələblərinə uyğun bilik və bacarıqlara, peşələrə yiyələnməsi üçün dövlət ən müxtəlif proqramlar, layihələr həyata keçirib. Bu da Azərbaycan gəncinin dünyagörüşünə hər zaman müsbət təsir göstərib”.

Elşad Mirbəşiroğlu gənclərə davamlı olaraq vətənpərvərlik hisslərinin aşılanmasının müxtəlif vasitələrlə həyata keçirildiyini deyib. Məsələn:

“İnformasiya əsrində baxışların formalaşmasında, mənəvi, əxlaqi dəyərlərin aşılanmasında internet resursların, televiziyanın çox böyük rolu var. Müvafiq olaraq da gənclərə təqdim edilən informasiya kontentində sözügedən istiqamətlərə, yəni vətənpərvərlik hissləri, Azərbaycan xalqının mental dəyərləri, əxlaqi, mənəvi elementlər hər zaman diqqət mərkəzində olub. Baxmayaraq ki, internet məkanı yad olan zərərli kontentlərlə də zəngindir. Amma Azərbaycan gənci daha çox ona uyğun olan, onun üçün məqbul sayılan informasiya təsirlərinə məruz qalıb. Bu da ailədən gəlir. Çünki Azərbaycanda ailə dəyərləri alidir və bu sağlam ruhda gəncliyin formalaşmasına öz təsirini göstərir.

Ona görə də hər zaman gəncliyə qayğı, gəncliyin bu qayğını hiss etməsi onlardakı vətənə bağlılığı şərtləndirir”.

Deputatın sözlərinə görə, müasir dövrdə ən çətin məsələlərdən biri də uşaqların təlim-tərbiyəsidir. Çünki indiki şərtlər altında uşaqları sağlam ruhda tərbiyə etmək, mənəvi, əxlaqi dəyərləri onlara aşılamaq çox çətindir. Elşad Mirbəşiroğlu Sosial Tədqiqatlar Mərkəzi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin oktyabrın 19-da baş tutan birgə tədbirindən də bəhs edib. Çünki konfransda sözügedən məsələyə də toxunulub:

“Mən orda qeyd etdim ki, bugünün uşağı 30-40 il bundan öncəki dövrün uşağından nə pis, nə də yaxşı mənada fərqlənmir. Sadəcə olaraq şərtlər və zaman dəyişib. Şərtlər heç də müsbətə doğru dəyişməyib. Çünki hazırda uşağa zərərli təsir edən amillər həddən artıq rəngarəngdir. Onları nəzarətdə saxlamaq isə qeyri-mümkündür. Valideynlərin övladlarına aldığı oyuncaqları nümunə gətirdim. Dərindən düşünsək, o oyuncaqların rəngləri, obrazların özləri yad informasiya daşıyırlar”.

– LGBT rəngləri də ola bilər!

“Elə onu demək istəyirdim, sadəcə açıq demədim. Ən çox da onlar mövcuddur. Bundan başqa aqressiv obrazlar uşaqların psixikasına mənfi təsir göstərir. Ona görə də burada uşağı bütövlükdə valideynin tərbiyəsi deyil, cəmiyyətin yanaşması formalaşdırır. Cəmiyyət olaraq adıçəkilən məsələlərə diqqətli yanaşmalıyıq. Çünki dediyim kimi, uşaqlar, gənclər bizim gələcəyimizdir. Onların bugünkü psixoloji durumu, mənəvi ruh vəziyyəti bizim gələcəyimizi təyin edəcəkdir”.

Millət vəkili vurğulayıb ki, valideynlərin övladlarına diqqət etmədən aldığı oyuncaqlar onların psixologiyasına təsir edir. Bu isə özünəqapanma, aqressivlik kimi mənfi xüsusiyyətləri artırır. Orta məktəblərin aşağı siniflərindəki güc tətbiqləri hadisələri də bunun mənfi nəticəsidir. Bu istiqamətdə dövlətin ayrıca yanaşması mövcuddur. Amma:

“Biz cəmiyyət olaraq hazırda müzakirə olunan məsələyə olduqca həssas yanaşmalıyıq. Prosesdə hər kəsin öz təsir imkanı və məsuliyyət payı var. Yalnız öz övladlarımız haqqında düşünmək yanlış yanaşmadır. Yəni hər bir azərbaycanlı uşaq, gənc haqqında cəmiyyət olaraq düşünməli, onların formalaşmasına öz töhfəmizi verməliyik”.

Həqiqətən də təkcə öz övladlarını düşünənlər bilməlidirlər ki, onların diqqət yetirdiyi doğma uşaqları əhəmiyyət vermədikləri yad övladları ilə hər gün təmasda olur. Yəni öz övladlarımızı mühafizə etmək istəyiriksə, digər uşaqların da əxlaqına müsbət formada təsir etməyə çalışmalıyıq.

Anar Rəhimov,

KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusuna həsr olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*