Ali Məhkəmədə quldurluqda təqsirləndirilən Pərvin Allahverdiyev və Şirin Məmmədlinin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib, qərar dəyişdirilmədən saxlanılıb.
İttihama görə, 2004-cü il təvəllüdlü Pərvin Allahverdiyev tanışı, həmyaşıdı Şirin Məmmədli ilə əvvəlcədən əlbir olaraq özgənin əmlakını ələ keçirmək məqsədilə quldurluq etmək qərarına gəlib.
Hadisə 2024-cü ildə saat 23 radələrində Bakı şəhəri ərazisində baş verib.
Belə ki, Pərvin Allahverdiyev və Şirin Məmmədli əvvəllər tanımadıqları zərərçəkmiş Fərəc Malikovun (adı, soyadı şərtidir) şəxsiyyəti məlum olmayan qadının mobil telefon nömrəsini öyrənmək istəməsinə irad bildirmək bəhanəsi ilə onunla söhbətə başlayıblar. Daha sonra onu piyada hərəkət etməklə Bakı şəhərinin Sabunçu rayonu, Heydər Əliyev prospektində yerləşən Olimpiya Stadionunun yaxınlığındakı körpünün altına aparıblar. Burada Pərvin Allahverdiyev özünü kriminal aləmin üzvü kimi təqdim edib. O, üzərində olan bıçağı nümayiş etdirərək zərərçəkmişin həyat və sağlamlığına zərər yetirəcəyi ilə hədələyib.
Bundan sonra onlar Fərəcdən üzərində olan pul və qiymətli əşyaları verməsini tələb ediblər. Tələbinə tabe etdirilməsi məqsədilə zərərçəkmiş şəxs əl və ayaq zərbələri ilə döyülüb. Nəticədə Fərəcin sol təpə və sol bud nahiyələrində qançırlar, sağ dirsək oynağı nahiyəsində isə sıyrıq xəsarətləri yaranıb.
İttihamda qeyd olunub ki, təqsirləndirilən şəxslər zərərçəkmiş şəxsin əlində olan 510 manat dəyərində “Honor” markalı mobil telefonu, həmin telefondakı 10 manat dəyərində mobil nömrəni, çantasından 60 manatlıq naqilsiz qulaqcığı, qolundakı 25 manat dəyərində elektron qol saatını, həmçinin 7 manat nağd pulu ələ keçiriblər.
Beləliklə, Fərəc Malikova ümumilikdə 612 manat maddi ziyan vurulub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Pərvin Allahverdiyev 8 il 6 ay, Şirin Məmmədli isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən Pərvin Allahverdiyev apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayəti təmin edilməyib, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb. Daha sonra o, kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.
