Xəbər verdiyimiz kimi, seçki kampaniyası çərçivəsində paytaxt İslamabada gedən Pakistanın keçmiş baş naziri İmran Xanın avtomobil karvanına silahlı hücum edilib. Sui-qəsddə keçmiş baş nazir ayağından yaralanıb. Xanın lideri olduğu Pakistan Ədalət Hərəkatı hücumda daha 4 nəfərin yaralandığını açıqlayıb.
KONKRET.az “Anadolu“ya istinadən xəbər verir ki, sui-qəsddən sonra paytaxt İslamabad, Kəraçi, Lahor, Faisalabad, Ravalpindi, Pişəvər, Multan və bir çox başqa şəhərlərdə Xana edilən hücuma etiraz etmək üçün insanlar küçələrə axışıb. Etirazçılar bir çox şəhərlərdə təkər yandıraraq yolları bağlayıb.
Paytaxt İslamabadın müxtəlif yerlərində nümayişçilər hücumun təşkilatçılarının tapılaraq məsuliyyətə cəlb olunmasını tələb ediblər.
Qeyd edək ki, hadisədən sonra yaxalanan cinayətkar törətdiyi əməli etiraf edib.
İqbal Rzayev,
KONKRET.az
