İstanbul və ətrafında axşamüstü saatlarında yer silkələnib.
KONKRET.az yerli mediaya istinadən xəbər verir ki, Kandilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutunun məlumatına görə, saat 17:43-də Mərmərə dənizində, Adalar açıqlarında 3.2 ballıq bir sarsıntı qeydə alınıb. Yerin 11,4 kilometr dərinliyində baş verən zəlzələ Adalarda, İstanbulun sahil rayonlarında və Yalovada zəif şəkildə hiss edilib.
Bölgədəki mikrosarsıntı fəaliyyətini yaxından izləyən geologiya üzrə mütəxəssis Prof. Dr. Osman Bektaş sosial media hesabından diqqətçəkən təhlillər paylaşıb. Təxminən 10–13 kilometr dərinlik zolağında cəmlənən sarsıntılara diqqət çəkən Bektaş fayın dərin hissələrində “creep” (yavaş sürünmə) hərəkətinin baş verə biləcəyini vurğulayıb.
“Adalar Fayı 10–13 km dərinlikdə mikrosarsıntı yaratmağa davam edir. Fikrimcə, bu fəaliyyət dərində sürünən fayın zəlzələ enerjisinin kiçik bir hissəsidir. 1963-cü ildəki 6 ballıq Adalar zəlzələsi də bu ehtimalı gücləndirir.
Mikrosarsıntıların həmişə böyük bir zəlzələnin xəbərçisi olmadığını, əksinə fayın toplanmış enerjini necə boşaltdığını göstərə biləcəyini bildirən Bektaş vətəndaşları sakit olmağa çağırıb: “Fay bu kiçik zəlzələlərlə enerji xərcləyir. Hazırda panikaya ehtiyac yoxdur”.
Ağagül Mürsəlov,
KONKRET.az
