Artıq 3 aya yaxındır davam edən Rusiya-Ukrayna müharibəsində heç bir dönüş nöqtəsi yoxdur. Tərəflərdən heç birini qalib və ya məğlub adlandırmaq olmaz. Maraqların toqquşduğu bir vaxtda sülhdən danışmaq da mümkün deyil. Əvəzində isə dünya bu müharibədən ciddi əziyyət çəkir. Proseslərin necə davam edəcəyi və nə ilə nəticələnəcəyi isə hər kəsi düşündürür.
Mövzunu KONKRET.az-a şərh edən Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli bildirib ki, Rusiya nöqteyi-nəzərindən yanaşsaq müharibənin gedişində ilkin nəticələrin əldə edildiyini görə bilərik: “Belə ki, Rusiya Ukraynanın cənub-şərq hissəsini və Odessa istisna olmaqla Qara dəniz sahilini tamamilə işğal edib. Bu ərazilərin Ukrayna əhalisi isə oranı tərk edib. Bölgənin rus mənşəlli əhalisi Rusiya sərhədləri daxilinə, o cümlədən Donetskə köçürülüb. Rusiyanın qarşısında duran ikinci vəzifə Krımın işğalının müzakirə masasına gətirilməməsi idi. Bunun üçün Krımın şimalında Xerson vilayətinin işğal edilməsi danışıqlarda Kremlin əlini gücləndirdi. Nə vaxtsa sülh gündəliyi təsdiqlənsə, Krım məsələsi artıq müzakirə edilməyəcək. Digər tərəfdən Krımın su təchizatı ilə bağlı Dnepr çayı hövzəsinin ələ keçirilməsi, Ukraynanın iqtisadiyyatının da nəzarətə alınması deməkdir. Bu, təkcə Dnepr və onun verdiyi üstünlüklərlə bağlı deyil. Maşınqayırma sənayesinin, eləcə də kənd təsərrüfatının inkişaf etdiyi Zoporojyenin, o cümlədən Donetskin şimalına doğru bir sıra vilayətlərin (Xarkov və sairə) ələ keçirilməsi də bunu deməyə əsas verir”.

Əziz Əlibəylinin sözlərinə görə, Rusiya həm də Ukraynanın Qərb ittifaqına və NATO-ya daxil olması məsələsini əngəllədi: “İndiki halda parçalanan Ukraynanaı nə Avropa İttifaqı, nə də NATO üzv kimi qəbul etməyəcək. Artıq Kiyevdə bunu çox yaxşı dərk edirlər. Müharibənin uzanması məsələsinə gəldikdə isə, vəziyyət fərqlidir. Əgər müharibənin uzanması ilə bağlı Rusiya ilə razılaşma olmasa, bu zaman üzü qışa doğru kollektiv Qərb həm qida, həm də enerji təhlükəsizliyini həll etməlidir. İndiki vəziyyətdə bunların heç birini həll etmək mümkün deyil. Hazırda təxminən 25 milyon, üzü payıza doğru isə 75 milyon ton taxılın Ukraynadan çıxarılmasına icazə verilməməsi kollektiv Qərb içərisində böyük çaxnaşma yaradacaq. Çünki Avropanın kiçik ölkələrinin hamısında ərzaq böhranı baş verəcək. Bu, nəticə etibarı ilə Avropa İttifaqının və NATO-nun içində çat əmələ gətirəcək əsas amilə çevriləcək. Qərbin yekdilliyinin pozulması və silahların ayrılması fonunda Rusiyanın çökdürülməsi siyasəti real görünmür. Ancaq Rusiya müəyyən sərhədlər daxilində müxtəlif əraziləri də işğal edib dayana bilər. Burada Rusiyanın vacib qazanclarından biri də odur ki, həm Ukraynanın cənubunu ələ keçirib, həm də bu torpaqları birbaşa Dnestryanı ilə birləşdirib. Bu addımla da rəsmi Kreml Moldovanın konkret hədəf olduğunu elan etdi. Beləliklə də Avropanın kiçik ölkələrinə qarşı hansı addımlar ata biləcəyini göstərdi”.
Müşviq Tofiqoğlu,
KONKRET.az
