Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın Qarabağ bölgəsində erməni separatizm hərəkatının 35-ci ildönümü ilə bağlı müraciət edib.
KONKRET.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Paşinyan müraciətində bunları qeyd edir:
“35 il əvvəl, bu günlərdə Qarabağ hərəkatı başladı. 1988-ci il fevralın 20-də başlayan kortəbii və kütləvi etirazlar Ermənistanın tarixində milli oyanış, birlik və azadlıq mübarizəsinin simvolu kimi qalacaq. Bu hərəkat dövlətçiliyimizin bərpası istiqamətində atılan ilk addım idi. Bunun sayəsində biz azad və müstəqil yaşamaq, öz taleyimizi yaratmaq, gələcəyimizi idarə etmək əzmini bərpa etdik.
Qarabağ hərəkatı “arsax” xalqının öz hüquqlarını müdafiə etmək və öz torpağında layiqli həyat sürmək hüququnu, iradəsini ifadə etməli idi.
35 ildən sonra (Dağlıq) Qarabağ erməniləri ciddi problemlərlə üz-üzədir. Bu gün də blokadada olan soydaşlarımız öz hüquqlarını və təhlükəsizliyini qorumaq üçün öz iradələrini ifadə etməyə məcburdurlar. Azərbaycanın bu hərəkətlərinin bir məqsədi var: Qarabağ xalqının öz vətənində yaşamaq iradəsini qırmaq, lakin əminəm ki, bu, sarsılmazdır.
Biz beynəlxalq ictimaiyyətin diqqətini Qarabağdakı “humanitar böhran”a cəlb etmək üçün səylərimizi gücləndirməkdə davam edirik. Çünki yalnız beynəlxalq ictimaiyyətin amansız fəaliyyəti Azərbaycanın hərəkətlərinin qarşısını almağa, üçtərəfli bəyanatda nəzərdə tutulmuş öhdəlikləri tam şəkildə yerinə yetirməyə və Laçın dəhlizinin blokunun açılmasına gətirib çıxara bilər.
Əziz “arsax”lılar, “vətən”inizdə dinc, təhlükəsiz yaşamaq, quruculuq naminə möhkəm və sarsılmaz olun. Bu yolda bizi gözləyən mürəkkəblik və çağırışlardan xəbərdar olsaq da, səylərimizi sülh gündəliyinin həyata keçirilməsinə yönəltməliyik”.
P.S. Ermənistanın Baş naziri Nikol Paşinyanın bu müraciəti can üstündə olan xəstəyə həkimin təsəllisinə bənzəyir…
Xuraman Etibarlı,
KONKRET.az
