Baş nazir İrakli Kobaxidzenin rəhbərlik etdiyi Gürcüstan nümayəndə heyətinin Ermənistana səfəri bir çox cəhətdən adi sayıla bilər. Bundan başqa, İravana səfər Kobaxidzenin parlament seçkilərindən sonra üçüncü rəsmi səfəri idi. Bundan əvvəl Gürcüstanın Baş naziri Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərində rəsmi səfərdə olmuşdu. Gürcüstan Baş nazirinin İrəvana səfərində regional əməkdaşlıq və tranzit daşıma məsələləri xüsusi müzakirə mövzusu olub. Səfər zamanı Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın bəyanatı daha çox diqqət çəkib: “Cənubi Qafqazın, o cümlədən Ermənistan və Gürcüstanın böyük potensialı var. Cənubi Qafqazdan keçən tranzit marşurutlarından danışarkən Azərbaycanın rolunu qeyd etməmək olmaz”. Gürcüstan nümayəndə heyətiylə görüşdə Ermənistan rəsmisinin Azərbaycanın rolunu qeyd etməsi özlüyündə əlamətdar məqamdır. Deməli, ermənilər buraxdıqları səhvləri anlamağa başlayıblar. Regiona əlavə iqtisadi maraq cəlb etməyin yolu Zəngəzur dəhlizindən keçir və bu layihəni bir neçə dövlətdən başqa bütün dünya dəstəkləyir.
Ermənistanın cənub sərhədlərini özünün qırmızı xətti hesab edən İran və İrəvana hərbi-siyasi dəstək verən Fransa dəhlizin açılmasına dirəniş göstərir. Ermənistanı “dünyanın kəsişməsi” adlandıran Paşinyan, ölkəsinin ərazisindən bir dənə də tranzit marşurutunun keçməməsinin yaratdığı iqtisadi çətinliyi yaxşı başa düşür. Dalan dövlətə çevrilən Ermənistan indi yeni dəhlizə ümid edir. Onlara elə gəlir ki, bu dəhliz iqtisadi səmərə verəcək. İranın Bəndərabad limanından Qara dənizə qədər uzanan qondarma “dəhliz” İran-Ermənistan-Gürcüstan ərazisindən keçməklə cənubdan gələn yükləri Avropaya çatdırmaq üçün nəzərdə tutulub. Amma Ermənistanın coğrafi imkanları bu dəhlizin səmərəliliyinə imkan verə bilməz. Nəzərə almaq lazımdır ki, İran-Ermənistan sərhədindən Gürcüstana gedən yol dağlıq ərazilərdən, çətin aşırımlardan ibarətdir. Üstəlik, Hindistanın dəstək verdiyi marşrut xəttiylə Ermənistana silah daşınır və xüsusi tranzit yoluna çevrilmək imkanı yoxdur.
Azərbaycandan isə Gürcüstan vasitəsilə daşınan yüklərin həcmi ildən-ilə artır. Eyni zamanda enrji xətlərinin də Gürcüstan üzərindən daşınması Tbilisiyə əlavə iqtisadi dividentlər gətirir. Ermənistan sadəcə meqa layihələrdən kənar qalmaqla dalan dövlət statusu alıb. İndi Ermənistanda iqtisadi səmərə verəcək Zəngəzur dəhlizinin açılamsı müzakirə mövzusudur. İri oyunçuların əlində alətə çevrilən Ermənistan onların çaldığı havaya oynayır və müstəqil qərar verməkdə acizdir. Amma bütün hallarda Zəngəzur dəhlizi açılacaq və Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında bağlantı yaranacaq. Bu, həm də Ermənistanın üçtərəfli bəyənatda üzərinə götürdüyü öhdəlikdir. Hazırda bu sahədə danışıqlar aparılır və böyük ehtimalla yaxın zamanlarda Ermənistan üzərinə götürdüyü öhdəliyi yerinə yetirəcək. İndi, Ermənistan üçün dünyaya yeganə çıxış Gürcüstandır. Zəngəzur dəhlizi açılana qədər Gürcüstan və Ermənistan arasında əməkdaşlıq sonuncu üçün çox vacibdir. Ekspertlər Ermənistanı Gürcüstan üçün elə də “vacib tərəfdaş” hesab etmirlər. Son bir ildə Tbilisi ilə İrəvan arasında ticarət dövriyyəsi xeyli azalıb. Bu rəqəm 2023-cü ildə 1,123 milyard dollar təşkil edirdisə, 2024-cü ildə 853,7 milyon dollara qədər azalıb. Gürcüstandan Ermənistana ixrac 787,2 milyon dollardan 617,5 milyon dollara düşüb. Ermənistandan Gürcüstana idxal isə 336,5 milyon dollardan 236,2 milyon dollara qədərdir.
Bununla belə, Gürcüstan ətrafında mövcud geosiyasi vəziyyətdə “erməni amili”nin rolunu qiymətləndirməmək olmaz. Hazırda erməni millətçiləri “erməni layihəsi”nin özünün gələcək geosiyasi strategiyası ilə fərqli mövqelərdə dayanırlar. Gürcüstanın öz suverenliyi uğrunda, ABŞ və Aİ-nin diktələrinə qarşı mübarizəsi, İrəvanın “Avropa inteqrasiyası” və Qərblə siyasi yaxınlaşma konteksində ziddiyyət təşkil edir. ABŞ-la strateji tərəfdaşlıq haqqında xartiya imzalayan İrəvan üçün Qərbin diktəsini rədd edən müstəqil Gürcüstan lazım deyil. Öz milli maraqlarını müdafiə edən Gürcüstan faktiki olaraq Ermənistanı ABŞ və Aİ-dən təcrid vəziyyətində qoyur. Gürcüstan həm də Ermənistanda hərbi logistikanın qurulmasına imkan vermir və bütün revanşizm planlarının üstündən xətt çəkir.
Gürcüstanda aksiyaların başlaması ilə İrəvan açıq şəkildə müxalifətin qələbəsinə ümid edirdi. Salome Zurabişvili də Ermənistanın xidmətində dayanmaqda maraqlı idi və keçmiş prezident ermənilərlə gürcüləri Cənubi Qafqazın ən qədim xalqı adlandırırdı. Qərbə, “mən sizin dostunuz Ermənistanla bir gəmidəyəm”, mesajını verən Zurabişvili nə istəyinə çata bildi, nə də ermənilərdən gözlədiyi dəstək gəldi. Bu gün Gürcüstanda “Maydan” iflasa uğradı və Paris-Tbilisi-İrəvan oxu sıradan çıxdı. Deməli, Qərb Cənubi Qafqaz siyasətini yalnız Ermənistan üzərindən həyata keçirir. Bu məkrli siyasətin mərkəzində dayanan Ermənistan regionda təhlükə mənbəyidir. Avropa İttifaqına qoşulmaq üçün referenduma hazırlaşan Paşinyan hələ də başa düşmür ki, Ermənistanı Avropada heç kim gözləmir və dilənçi kökündə yaşayan ermənilər Qərbə lazım deyil. Qərb Ermənistanı əlində alət kimi istifadə etməklə, erməniləri Türkiyə və Azərbaycana qarşı istifadə etməyə çalışır. ABŞ-la strateji tərəfdaşlıq sazişi imzalayan Ermənistan eyni zamanda ən yaxın müttəfiqi Rusiyanın maraqlarına qarşı çıxdı. Cənubi Qafqazda təhlükə mənbəyinə çevrilən İrəvanın eyni zamanda iki stulda oturmaq cəhdi Ermənistan dövlətçiliyinin sonu ola bilər.
Vəli Həsənoğlu,
KONKRET.az