Pensiya yaşına çatmadan vəfat edənlərin pulu dövlətə qalır? – Qanun deyir ki…backend

Pensiya yaşına çatmadan vəfat edənlərin pulu dövlətə qalır? – Qanun deyir ki...

İllərlə rəsmi çalışan hər bir vətəndaşın əməkhaqqından məcburi sosial sığorta haqları tutulur və onun fərdi hesabında pensiya kapitalı formalaşır. Lakin bu vəsaitin taleyi ilə bağlı ən çox müzakirə olunan məsələlərdən biri də şəxsin pensiya yaşına çatmadan vəfat etməsi halında yaranır. Belə olan halda, illərlə yığılan pensiya kapitalı dövlətin hesabında qalır, yoxsa vəfat etmiş şəxsin vərəsələrinə ödənilə bilər?

Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Razi Abbasbəyli bildirib ki, qüvvədə olan qanunvericiliyə əsasən, pensiya yaşına çatmadan vəfat etmiş şəxsin fərdi hesabında toplanmış pensiya kapitalından istifadə hüququ birbaşa onun vərəsələrinə verilmir.

Razi Abbasbəyli deputatlığa namizəd oldu - FOTO

Ekspertin sözlərinə görə, bu məsələ sosial ədalət baxımından mübahisəli görünür:

“Təəssüf ki, qanunvericiliyə əsasən vəfat etmiş şəxsin pensiya kapitalından istifadə hüququ onun vərəsələrinə keçmir. Halbuki, əgər həmin şəxsin kredit borcu və ya digər maliyyə öhdəlikləri varsa, onlar müəyyən hallarda vərəsələrin üzərinə keçir. Yəni ailə üzvləri borcları ödəməli olurlar, lakin illərlə formalaşmış pensiya kapitalından istifadə etmək hüququ əldə edə bilmirlər.”

Bununla belə, iqtisadçı qeyd edib ki, qanunvericilikdə müəyyən istisnalar da mövcuddur. Belə ki, vəfat etmiş şəxs əmək pensiyası alırdısa və himayəsində 18 yaşınadək övladı varsa, həmin pensiya uşağa təyin edilir. Əgər övlad əyani təhsil alırsa, bu hüquq 23 yaşınadək davam edir.

Razi Abbasbəylinin sözlərinə görə, ailə başçısının vəfatı halında qanun həyat yoldaşının da sosial təminatını nəzərə alır:

“Əgər ailə başçısı vəfat edibsə və qanunvericilikdə nəzərdə tutulan şərtlər ödənilirsə, həyat yoldaşına da müvafiq pensiya təyin olunur. Bundan başqa, dəfn xərclərinin qarşılanması üçün də müəyyən ödənişlər həyata keçirilir. Yəni pensiya sistemi çərçivəsində bəzi sosial təminat mexanizmləri var.”

Ekspert vurğulayıb ki, əgər vəfat etmiş şəxsin himayəsində 18 yaşınadək və ya əyani təhsil alan 23 yaşadək övladı yoxdursa, həmçinin həyat yoldaşı qanunvericilikdə nəzərdə tutulan hüquqlara malik deyilsə, həmin şəxsin topladığı pensiya kapitalından faktiki olaraq heç kim istifadə edə bilmir.

İqtisadçı dünya təcrübəsinə də diqqət çəkərək bildirib ki, bir sıra Avropa ölkələrində daha çevik mexanizmlər tətbiq olunur:

“Bəzi ölkələrdə müəyyən yaş həddindən sonra vətəndaşlara pensiya kapitalının bir hissəsindən istifadə etmək imkanı yaradılır. Məsələn, 50 yaşdan sonra kapitalın təxminən 20 faizindən, 55 yaşdan sonra isə 40 faizinə qədər hissəsindən istifadə hüququ verilir. 60–65 yaşdan sonra isə vətəndaşlar pensiya kapitalından daha geniş şəkildə yararlana bilirlər. Bu vəsaitlər əsasən səhiyyə, təhsil, səyahət və digər zəruri yaşayış xərclərinin ödənilməsi üçün istifadə olunur. Azərbaycanda isə belə bir mexanizm mövcud deyil.”

Razi Abbasbəyli hesab edir ki, ölkədə pensiya yaşına çatmadan vəfat edən insanların sayını nəzərə aldıqda, illərlə formalaşan pensiya kapitalından istifadə imkanlarının genişləndirilməsi gələcəkdə qanunvericilik müstəvisində müzakirə oluna biləcək məsələlərdəndir.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*