Azərbaycanda əhalinin yaşlanması və sosial müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində müzakirələr fonunda tənha yaşayan, ailə dəstəyi olmayan yaşlı şəxslərin sosial təminatı yenidən gündəmə gəlib. Xüsusilə əmək qabiliyyəti zəifləyən, lakin pensiya yaşına çatmadığı üçün müntəzəm gəlir əldə edə bilməyən insanların vəziyyəti erkən pensiya və ya əlavə sosial dəstək mexanizmlərinin tətbiqinin mümkünlüyü ilə bağlı sualları artırır.
Bəs Azərbaycanda tənha və kimsəsiz şəxslər üçün pensiya yaşının azaldılması və ya onlara pensiya yaşına qədər xüsusi sosial müavinətin verilməsi mümkündürmü?
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Razi Abbasbəyli bildirib ki, nəzəri baxımdan belə bir modelin Azərbaycanda tətbiqi mümkündür.

Onun sözlərinə görə, dünya təcrübəsində erkən pensiya hüququ yalnız peşə, əmək stajı və ya ağır iş şəraiti ilə məhdudlaşmır, bəzi ölkələrdə insanların sosial vəziyyəti də nəzərə alınır:
“Bir sıra ölkələrdə əlilliyi olan şəxslər, ağır şəraitdə çalışanlar, uzunmüddətli əmək stajına malik və xüsusi qayğıya ehtiyacı olan insanlar erkən pensiya hüququ əldə edirlər. İnkişaf etmiş dövlətlərdə isə tənha yaşayan və ailə dəstəyi olmayan şəxslərə pensiya yaşına çatmamış sosial yardım, evdə sosial xidmət, sosial işçi dəstəyi, əlavə müavinətlər və tibbi qayğı xidmətləri göstərilir.”
Ekspert hesab edir ki, Azərbaycanda da oxşar mexanizmin yaradılması mümkündür. Onun fikrincə, xüsusilə 65 yaşdan aşağı olsa da əmək qabiliyyətini itirmiş, tək yaşayan, ailə üzvlərindən maddi və ya fiziki dəstək almayan, gündəlik xərclərini qarşılamaqda çətinlik çəkən şəxslərə xüsusi dəstək göstərilməlidir.
“Pensiya Fonduna əlavə maliyyə yükü yaratmadan bu kateqoriyaya daxil olan insanların müəyyən edilməsi üçün xüsusi meyarlar hazırlanmalıdır. Məsələn, 65 yaşına çatmış, lakin heç bir ailə və qohum dəstəyi olmayan şəxslərin mövcud vəziyyəti nəzərə alınaraq, pensiya təyin edilməsə belə, onlara sosial yardım göstərilməsi məqsədəuyğundur.”
İqtisadçının sözlərinə görə, son illər Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirlərində artım müşahidə olunur və proqnozdan artıq daxilolmalar hesabına yeni sosial dəstək proqramlarının maliyyələşdirilməsi mümkündür:
“Əgər DSMF-nin gəlirləri artırsa, əlavə vəsait hesabına 65 yaşdan aşağı, lakin faktiki olaraq yaşamaqda çətinlik çəkən vətəndaşlara dəstək vermək mümkündür. Pensiya təyin edilməsə belə, onlara müəyyən məbləğdə sosial müavinət ayrıla bilər. Bu, dünya praktikasında da geniş tətbiq edilir.
60 yaşını keçmiş, ailə və qohum dəstəyi olmayan insanlar pensiya yaşına çatana qədər sosial müavinətlə təmin edilə bilərlər. Bununla yanaşı, həmin şəxslərə evdə qulluq göstərəcək, gündəlik ehtiyaclarının qarşılanmasına kömək edəcək sosial işçilərin ayrılması da məqsədəuyğundur. Bu model həm Avropa, həm də Asiya ölkələrində uğurla tətbiq olunur və Azərbaycan da bu təcrübədən faydalana bilər.”
Aynurə İsmayıl
KONKRET.az
