Ali Məhkəmədə hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən C.Vəliyevin barəsindəki qərardan verilən kassasiya şikayətinə baxılıb.
KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
İttihama görə, təqsirləndirilən şəxs “TikTok” sosial şəbəkəsində yaratdığı saxta hesab vasitəsilə qadının şəxsi məlumatlarından istifadə edərək onu rüsvayedici məlumat yaymaqla hədələyib və əmlak xarakterli tələb irəli sürüb.
Məlumata görə, C.Vəliyev tamah niyyəti ilə hərəkət edərək “TikTok”da saxta istifadəçi hesabı yaradıb. O, həmin hesabı qadın S.S.-in (adı, soyadı şərtidir) sosial şəbəkə hesabından əldə etdiyi fotoşəkil və videogörüntülərlə formalaşdırıb. Təqsirləndirilən şəxs qadına məxsus hesabdan müxtəlif şəkil və videoları köçürərək özünün yaratdığı saxta hesabda yerləşdirib. Bundan sonra həmin hesabda qadının nüfuzuna və şəxsi həyatına xələl gətirə biləcək məzmunlu paylaşım edib.
Araşdırmalar zamanı müəyyən edilib ki, saxta hesabda S.S.-in guya pul müqabilində görüşlər təşkil etdiyi barədə həqiqətə uyğun olmayan məlumat yerləşdirilib. Həmin paylaşımda “görüşürəm, 1 saatı 100 AZN” məzmunlu ifadələr qeyd olunub.
İttihama əsasən, təqsirləndirilən şəxs bununla kifayətlənməyərək həmin məlumatlardan S.S.-ə qarşı təzyiq vasitəsi kimi istifadə edib.
Belə ki, 2024-cü ilin iyul ayında gecə saatlarında qadın yaşadığı ünvandan “TikTok” platformasında canlı yayım açıb. Təqsirləndirilən şəxs həmin yayıma qoşularaq S.S.-ə onun barəsində yerləşdirilmiş rüsvayedici məlumatların olduğu saxta hesabı nümayiş etdirib. C.Vəliyev qadına həmin məlumatların daha geniş auditoriyaya yayılacağı ilə bağlı hədə-qorxu gəlib. O bildirib ki, tələb etdiyi əmlak xarakterli istək yerinə yetirilmədiyi halda saxta hesab fəaliyyətini davam etdirəcək və məlumatlar yayılacaq.
Cinayət işi materiallarında göstərilir ki, təqsirləndirilən şəxs saxta hesabın silinməsi müqabilində zərərçəkmiş şəxsdən “TikTok” sosial şəbəkəsində istifadə olunan virtual mükafat jetonlarının göndərilməsini tələb edib.
O, S.S.-dən ümumi dəyəri 54 ABŞ dolları, yəni 91 manat 80 qəpik təşkil edən “5K” (5 000) mükafat jetonunu özünün istifadə etdiyi “Zloy Qaqasel” adlı hesaba köçürülməsini istəyib.
İstintaq orqanı hesab edib ki, C.Vəliyevin hərəkətləri əmlak əldə etmək məqsədilə rüsvayedici məlumatların yayılması hədəsi ilə müşayiət olunduğundan onun əməlində hədə-qorxu ilə tələb etmə cinayətinin əlamətləri mövcuddur.
Toplanmış sübutlar, elektron məlumatlar, sosial şəbəkə hesablarının araşdırılması nəticələri, zərərçəkmiş şəxsin ifadələri və digər materiallar əsasında təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə ittiham irəli sürülüb.
Yasamal Rayon Məhkəməsi işə baxaraq C.Vəliyevi elan olunmuş ittiham üzrə təqsirli bilib. Məhkəmənin hökmü ilə ona 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Hökmdə məhkumun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəza müddətinin müəyyən tarixdən hesablanması da öz əksini tapıb.
Birinci instansiya məhkəməsinin hökmündən C.Vəliyev tərəfindən apellyasiya şikayəti verilib. Bakı Apellyasiya Məhkəməsi iş materiallarını və tərəflərin arqumentlərini araşdırdıqdan sonra şikayətin təmin edilməsi üçün əsasların olmadığını müəyyən edib. Apellyasiya instansiyası Yasamal Rayon Məhkəməsinin hökmünü qanuni və əsaslı hesab edərək onu dəyişdirilmədən qüvvədə saxlayıb.
Daha sonra C.Vəliyevin cəzasının icrası mərhələsində Milli Məclisinin “Konstitusiya və Suverenlik İli” münasibətilə qəbul etdiyi amnistiya aktının tətbiqi məsələsinə baxılıb. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Umbakı Penitensiar Müəssisəsinin təqdimatı əsasında Qaradağ Rayon Məhkəməsi işə baxaraq təqdimatı təmin edib.
Məhkəmənin qərarı ilə onun barəsində amnistiya aktının müvafiq müddəaları tətbiq olunub. Nəticədə C.Vəliyevin çəkilməmiş azadlıqdan məhrumetmə cəzasının qalan hissəsindən 6 ay azaldılıb.
İş materiallarında göstərilir ki, amnistiya tətbiq edilən vaxt məhkumun 1 il 7 ay 29 gün müddətində çəkilməmiş azadlıqdan məhrumetmə cəzası qalıb.
Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin qərarından C.Vəliyev kassasiya şikayəti verib.
