DİQQƏT: Xaricdə yaşayan azərbaycanlılara hərbi qeydiyyatla bağlı xəbərdarlıq edildibackend

DİQQƏT: Xaricdə yaşayan azərbaycanlılara hərbi qeydiyyatla bağlı xəbərdarlıq edildi

Xaricdə təhsil alan və ya işləyən Azərbaycan vətəndaşlarının hərbi qeydiyyat və tibbi müayinə ilə bağlı öhdəlikləri gündəmdədir. Xüsusilə hər üç ildən bir hərbi qeydiyyat və tibbi müayinəyə çağırılan, lakin xaricdə olduqları üçün Azərbaycana gəlmək imkanı olmayan şəxslərin hansı prosedurlara əməl etməli olduqları maraq doğurur.

Bəs belə hallarda vətəndaşlar hansı addımları atmalı, üzərlərinə düşən öhdəlikləri yerinə yetirmək üçün nə etməlidirlər?

Mövzu ilə bağlı KONKRET.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, xaricdə təhsil alan vətəndaşlar təhsillərini təsdiqləyən müvafiq sənədləri hər il təqdim etməlidirlər.

Üzeyir Cəfərova Polkovnik hərbi rütbəsi verildi | Baku.ws Xəbər saytı - Son xəbərlər və Hadisələr

“Tələb olunan sənədlər müvafiq qaydada rəsmiləşdirildikdən və təqdim edildikdən sonra tələbələrlə bağlı hərbi qeydiyyat məsələlərində, bir qayda olaraq, problem yaranmır. Bu zaman sənədlərin apostil və digər zəruri rəsmiləşdirmə prosedurlarından keçirilməsi də əhəmiyyət daşıyır.

Xaricdə işləyən Azərbaycan vətəndaşları da müvafiq qurumlara əsaslandırılmış sənədlər təqdim etməli, xaricdə yaşadıqları və işlədikləri barədə məlumat verməlidirlər. Onlar hərbi qeydiyyat və tibbi müayinə ilə bağlı öhdəliklərini nəzərə alaraq hərəkətlərini əvvəlcədən planlaşdırmalıdırlar”.

Ekspert vurğulayıb ki, xaricdə işləmək vətəndaşı hərbi qeydiyyatla bağlı məsuliyyətdən azad etmir. Onun sözlərinə görə, hər bir vətəndaş üzərinə düşən konstitusion vəzifələri yerinə yetirməli, hərbi qeydiyyat və tibbi müayinə məsələlərini vaxtında həll etməlidir.

“Vətəndaşın tibbi müayinədən keçəcəyi tarix əvvəlcədən məlumdursa, həmin şəxs iş qrafikini buna uyğun tənzimləməli, zərurət yarandıqda iş yerindən icazə alaraq Azərbaycana gəlmək imkanlarını nəzərdən keçirməlidir.
Şəxsin hərbi xidmətə möhlət hüququ varsa və ya səhhətində problemlər mövcuddursa, bu məsələlər müvafiq dövlət qurumları ilə əlaqələndirilərək qanunvericiliyə uyğun qaydada həll edilməlidir”.

Üzeyir Cəfərovun sözlərinə görə, vətəndaşlar hərbi qeydiyyatla bağlı tələblərə laqeyd yanaşmamalıdırlar. Əks halda, üzərlərinə düşən öhdəlikləri yerinə yetirmədikləri üçün qanunvericilikdə nəzərdə tutulan məsuliyyətlə üzləşə bilərlər.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*