“Qafqazda daha bir sülhməramlı var” – Rusiyalı politoloqbackend

“Qafqazda daha bir sülhməramlı var” - Rusiyalı politoloq

“Qafqazda daha bir sülhməramlı var. Kanada Ermənistan ərazisində Aİ monitorinq missiyasının işinə qoşulmaq qərarına gəlib. Avropa Şurasının Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsi dərhal Ottavanın qərarını bəyəndiyini bildirib”.

KONKRET.az xəbər verir ki, bu barədə rusiyalı politoloq Sergey Markedonov özünün Telegram kanalında yazıb.

“Ermənistan Xarici İşlər Nazirliyi kanadalı diplomatların hərəkətlərini alqışlayıb. Azərbaycan öz qiymətləndirmələrində müəyyən təmkin nümayiş etdirir. Moskva təmsilçiləri Ottavanın ünvanına sərt tənqidlərlə çıxış ediblər. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın sözlərinə görə, Aİ-nin Ermənistandakı missiyası Ermənistan-Azərbaycan münaqişəsinin həllinə deyil, geosiyasi problemlərin həllinə (Rusiyanın Qafqaz regionundan sıxışdırılması) diqqət yetirir. O, həmçinin bildirib ki, Kanadanın Aİ-nin Ermənistandakı missiyasının işinə qoşulması “vahid Avropa”nın ABŞ və NATO-dan artan asılılığını əks etdirir. Kanada sülhməramlılarının effektivliyi və obyektivliyinə də şübhələr ifadə olunub”, – deyə Markedonov qeyd edib.

Politoloq bildirib ki, Ottava Qafqaza və Ermənistanla Azərbaycan arasında münaqişənin qlobal həlli prosesinə ilk dəfə maraq göstərmir.

“Bir il əvvəl Kanada hökuməti İrəvanda səfirlik açmaq qərarına gəlib. Daha sonra xarici işlər naziri Melani Coli bildirib ki, bu addım iki ölkə arasında əlaqələri gücləndirəcək və Ermənistanda demokratiyaya dəstəyi artıracaq. Bu, Ottavanın Qafqaz regionunu fəal şəkildə kəşf edəcəyi anlamına gəlirmi? Çox güman ki, məsələ onda deyil ki, Kanada Arktika gündəminə qarışdıqdan sonra birdən-birə Qafqazın yeni aparıcı aktyoruna çevriləcək. Əvvəllər bu ölkənin konsulluğu Gürcüstanda fəaliyyət göstərirdi, amma reallıqda Gürcüstan-Kanada münasibətləri NATO-nun ümumi gündəliyi ətrafında cəmlənmişdi. Çox güman ki, Aİ missiyasına qoşulmaq qərarı qeyri-Avropalı müttəfiqdən bir növ siqnaldır: biz sizinləyik, münaqişənin həlli istiqamətində səyləriniz tam dəstəyimizi tapacaq. Konkret hal onu göstərir ki, Qərb ilk fürsətdə öz birliyini, siyasi və diplomatik səfərbərlik üçün resurslarını nümayiş etdirməyə çalışır”, – ekspert yazıb.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*