Qarabağda torpaq yolunda qanunsuz erməni silahlı dəstələrinin hərbi daşımalarına dair yeni görüntülər yayılıb.
KONKRET.az xəbər verir ki, görüntüləri “Caliber.az” əldə edib.
Bildirilir ki, 07.03.2023-cü il tarixində günorta saatlarında çəkilmiş video və foto materiallarda hərbi karvanın Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə hərəkəti əks olunub.
Məlumata görə, Ermənistanın qanunsuz silahlı birləşmələrinin hərbi nəqliyyatı Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə hərəkət edir.
Kolonun əvvəlində Rusiya sülhməramlı kontingentinin 2 “UAZ Patriot” maşını, onun ardınca qanunsuz erməni silahlı birləşmələrinə məxsus bir çadırlı “Ural” və su çəni olan “KamAZ”, kolonun sonunda isə üzərində Rusiya bayrağı olan BTR-82A hərəkət edir.
Kolon qanunsuz erməni silahlı birləşmələrinin postlarını ərzaq, su və silah-sursatla təmin etmək üçün hərəkət edir.
P.S. Göründüyü kimi, Rusiya sülhməramlıları cani-dildən ermənilərə xidmət və kömək edir, sonra da Azərbaycanı “təxribat”da ittiham edir.
Xuraman Etibarlı,
KONKRET.az
