Qaraqalpaqlar üsyana hazırlaşır – İyulun 5-də Özbəkistanda nə baş verəcək? – İLGİNC DETALLARbackend

Qaraqalpaqlar üsyana hazırlaşır - İyulun 5-də Özbəkistanda nə baş verəcək? – İLGİNC DETALLAR

Gözlənildiyi kimi Qaraqalpaqların kütləvi etirazları başladı. İyunun 1-də Nukusda keçirilən icazəsiz nümayişdə iştirak edənlərin sayı barədə obyektiv məlumat yoxdur. Baxmayaraq ki, fotoşəkillər mərkəzi dehkan bazarının yaxınlığındakı bütün meydanın və hətta ətrafdakı binaların damının etirazçılarla dolu olduğunu göstərir. Təxminən 20-25 min adamın toplandığı bildirilir. Artıq gücləndirilmiş polis qüvvələri və xüsusi təyinatlılar Nukusa girib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Özbəkistanın Daxili İşlər Nazirliyi nümayişin qeyri-qanuni olduğunu açıqlayıb. Qaraqalpaqların etirazının respublikada aparılan konstitusiya islahatlarının düzgün şərh edilməməsi səbəbindən baş verdiyini bildirib.

Qeyd olunur ki, ictimai asayişin pozulmasının və vətəndaşlar tərəfindən müxtəlif hüquqpozmaların törədilməsinin qarşısının alınması məqsədilə dehkan bazarının ərazisinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib: “Hazırda ictimai asayiş bərpa edilib, vətəndaşların müraciətlərinə müəyyən edilmiş qaydada baxılması üçün iş aparılır”, – deyə polis bildirib.

Qeyd olunur ki, narazılığın artmasına səbəb Özbəkistan Konstitusiyasına edilən dəyişikliklərdir. Bu dəyişikliyə əsasən Qaraqalpaqlar referendum əsasında Özbəkistandan ayrılmaq hüququndan məhrum edilir. Eyni zamanda etirazçılar bir sıra fəalların azadlığa buraxılmasını tələb edir.

Qaraqalpaqıstan Parlamentinin sədri Murat Kamalov nümayişçilər qarşısında çıxış edərək bildirib ki, növbəti icazəli mitinq iyulun 5-də Nukusda keçiriləcək.

Daşkənd isə iğtişaş cəhdindən təşvişə düşüb. İndi yerli media ekspertlərin “islahatın zəruriliyi”, “qaraqalpaq kimliyinə, dilinə və mədəniyyətinə təzyiq göstərmək məqsədinin olmaması” kimi fikirlərini təkrarlayır.

Politoloq Kamoliddin Rabbimov deyib: “Keçmiş Sovetlər İttifaqı dövründə Özbəkistanın dövlət quruluşu bilərəkdən ziddiyyətli rəsmiləşdirilib. Özbəkistan və özbəklər tarixdə heç vaxt qaraqalpaq qardaşlarına zülm etməyiblər. Əksinə, bizim qaraqalpaq qardaşlarımızın əcdadları zülmə məruz qalanda Xorəzm xanları onları himayə edirdi. Postsovet məkanında baş verən təxribatları nəzərə alaraq, bu məsələdə birliyimizə zidd olan kənar qüvvələrə şans verməməliyik. Özbəkistanda qaraqalpaq kimliyinə, dilinə və mədəniyyətinə hörmət artıb və artacaq”.

Buna baxmayaraq, etirazçıların tələblərindən biri də bölgənin məcburi latınlaşdırılmasına və qaraqalpaq dilinə təzyiqlərə son qoyulmasıdır.

Siyasi elmlər doktoru Sayfiddin Juraev həmvətənlərini inandırmağa çalışır ki, tarixdə ilk dəfə olaraq Aral dənizi bölgəsi məsələsi Konstitusiya səviyyəsində həll olunur. O cümlədən, dəyişikliklər Qaraqalpaqıstan Respublikasının hərtərəfli sosial, iqtisadi, mədəni, innovativ inkişafı üçün zəruri maliyyə, maddi, təşkilati, texniki və digər şəraitin yaradılmasına təminat verir.

Mənbələrin məlumatına görə, Daşkənd iyulun 5-dək Qaraqalpaqıstan sakinlərinin mövqeyini kökündən dəyişdirə və narazıların sayını azalda bilməyəcək. Ona görə də, gücləndirilmiş polis və xüsusi təyinatlı dəstələri Nukusa cəlb edilib.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*