Rusiyada ömürlük həbs cəzası çəkən İlnaz Qalyaviyev həbsxanada ailə qurub.
KONKRET.az xəbər verir ki, məlumata görə, 25 yaşlı Qalyaviyevin həyat yoldaşı 18 yaşlı Diana K. olub. Moskvadan olan və jurnalistikaya yeni başlayan gənc qızın Qalyaviyevlə tanışlığı məhkəmə proseslərindən biri zamanı baş tutub. İddia edilir ki, məhkəmə iclasında onu canlı görən Diana daha sonra onunla görüşə gedib və tərəflər rəsmi nikaha girmək qərarına gəliblər.
Nikah iyun ayının sonlarında Orenburq vilayətinin Sol-İletsk şəhərində yerləşən İK-6 cəzaçəkmə müəssisəsində (“Qara delfin”) qeydiyyata alınıb. Qaydalara əsasən, cütlüyün ildə yalnız bir dəfə görüşmək hüququ olacaq.
Xatırladaq ki, 2021-ci ilin mayında 19 yaşlı İlnaz Qalyaviyev məzunu olduğu Kazan 175 saylı gimnaziyaya hücum edərək ov tüfəngi ilə 7 şagirdi və 2 müəllimi qətlə yetirib, daha 24 nəfəri isə yaralayıb. Məhkəmə-psixiatriya ekspertizası onun tam əqli sağlam olduğunu təsdiqləyib və 2023-cü ildə o, ömürlük azadlıqdan məhrum edilib. Hadisədən sonra Qalyaviyevin özünə məxsus “fanat bazası” yaranıb və bəzi pərəstişkarları onun vəkilləri üçün vəsait toplayıblar.
Natiq Səlim,
KONKRET.az
