Qazaxıstan Senatı (Yuxarı Palata) Türkmənistanla dövlət sərhədinin və Xəzər dənizində balıqçılıq zonalarının bitişik hissələrinin delimitasiyası ilə bağlı sazişin ratifikasiyası haqqında qanun qəbul edib.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə qanunverici orqanın saytında məlumat yerləşdirilib.
Qazaxıstan və Türkmənistan arasında saziş 2021-ci ilin oktyabrında Aşqabadda imzalanıb.
Bildirilib ki, sazişin ratifikasiyası yerin təkindən və su bioresurslarından istifadə üzrə suveren hüquqların həyata keçirilməsi üçün əlverişli şərait yaradacaq. O cümlədən tərəflər arasında mehriban qonşuluq münasibətlərinin genişləndirilməsinə, siyasi, iqtisadi, sosial və mədəni əlaqələrin təmin edilməsinə imkan verəcək. Saziş Qazaxıstanın cənub hissəsində dövlət sərhədinin delimitasiyası prosesini başa çatdıracaq .
Qeyd edilib ki, Qazaxıstan və Türkmənistan arasında saziş Senat tərəfindən ratifikasiya olunduqdan sonra prezidentə təqdim olunacaq.
İqbal Rzayev,
KONKRET.az
