Qazaxıstan və Rusiya höküməti dövlətlərarası sərhədin ümumi uzunluğunun 70%-ni demarkasiya edib, qalan hissələrin demarkasiyası təxminən 2-3 il çəkəcək.
KONKRET.az “Kazinform”a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Qazaxıstanın xarici işlər naziri, Baş nazirin müavini Muxtar Tleuberdi bildirib.
“Qazaxıstanla Rusiyanın sərhədi 7,5 min km-dən artıqdır. Bunun 70%-i demarkasiya olunub, qalan 30%-i dağlıq zonadadır. Biz sərhədin haradan keçdiyini dəqiq bilirik. Yalnız demarkasiya prosesi qalıb”, – Tleuberdi deyib.
Onun sözlərinə görə, hər iki tərəfdə sərhədlərin müəyyənləşdirilməsi prosesi artıq başa çatıb.
Qeyd edək ki, oktyabrın əvvəlində Qazaxıstan və Rusiya nümayəndələri Alma–Atıda keçirilən görüşdə sərhədin demarkasiyası üzrə iş planını müzakirə ediblər. Komissiyanın növbəti iclası bu ilin noyabrında Rusiyada keçiriləcək.
İqbal Rzayev,
KONKRET.az