Qərbin it dəyərləri, Missisipidəki zənci balalar və bir milyona yaxın mina – VƏHŞİ AVROPANIN SÜKUTUbackend

Qərbin it dəyərləri, Missisipidəki zənci balalar və bir milyona yaxın mina – VƏHŞİ AVROPANIN SÜKUTU

fadil Paşayev
Fadil Paşayev

Bu gün Qubadlıda it minaya düşüb. Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətindən bildirilib ki, partlayış nəticəsində minaaxtaran it bələdçisi, 1984-cü il təvəllüdlü Hüseynov Nəcməddin Abdulla oğlu yüngül bədən xəsarətləri alıb. Əməliyyata cəlb olunan “Dina” ləqəbli Belçika malinuası – minaaxtaran it isə tələf olub. Əslində bu rəsmi xəbərin üstündən keçmək də olardı. Amma diqqətimi çəkən neçə-neçə minalanmış əraziləri müəyyən edən itin tələf olmasıdır. Çünki ANAMA-ya hələ neçə il lazım olmalıdır ki, işğaldan azad olunmuş minalanmış əraziləri təmizləsin, onlarla insanımız həyatını itirsin, xüsusi hazırlanmış itlərimiz məhv olsun, texnikalarımız sıradan çıxsın.

Deyirəm, bəlkə indi Avropadan Ermənistan əleyhinə bəyanatlar, qınaq dolu açıqlamalar gələ. Çünki oralarda itlərin həyatı müsəlmanların həyatından daha qiymətlidir. Fransa kimi ölkələrin isə heç vecinə də deyil Azərbaycanın haqlı mövqeyi. Qoca qitə elə bu baxımdan ermənilər tərəfindən azərbaycanlıların soyqırımına daim göz yumub. Ermənistan isə hələ də itkin düşən Vətən övladlarımızın sonrakı taleyi haqqında məlumat vermək belə istəmir. Siz də deyirsiniz, Qərb dəyərləri. Bu dəyərlər ancaq özlərinə lazımdır. Bizə gələndə it dəyərləri işə düşür.

Bu arada nədənsə yadıma “Layka” adlı itin kosmosa göndərilməsi hadisəsi düşdü. İtin kosmosa göndərilməsi təsadüfən seçilməmişdi. Çünki bəzi alimlər hesab edirdilər ki, insanlar kosmosa getsələr, orada məhv olarlar. Buna görə də kosmosa it göndərmək fikrində idilər. Həmin vaxtlarda kosmik uçuşların canlılara təsirinə dair məlumat az olduğuna görə “Layka”nın yaşama ehtimalının çox az olacağı düşünülürdü.

Sovet hökumətinin isə itə olan bu münasibəti ABŞ-da böyük etirazlara səbəb olmuşdu.

Məhz bundan sonra BMT-yə hiddət dolu məktublar daxil olur, ABŞ-ın Missisipi ştatından bir qrup qadın isə SSRİ-ni itlərə qarşı qeyri-insani münasibətdə mühakimə edir. Ardınca isə israrla tələb edirlər ki, əgər elmin inkişafı üçün canlıları kosmosa göndərmək lazımdırsa, bunun üçün Missisipidəki zənci balalarını yollasınlar.

İndi baxın, illərdir Azərbaycan öz həqiqətlərini dünyaya car çəkdi, 44 günlük müharibədə Gəncə, Bərdə, Tərtər və digər yaşayış məntəqələrimizə raket hücumu nəticəsində dinc insanlar, uşaqlar həlak oldu, amma Qərb ağzına su alıb susdu, hələ utanmaz-utanmaz yenə də demokratiyadan, hansısa insan hüquq və azadlıqlarından danışdı. Bu gün də zəvzəyir.

Fransanın “sevgilisi” Ermənistan isə  Birinci Qarabağ savaşında itkin düşmüş azərbaycanlılar haqqında heç bir məlumat ötürmək istəmir. Avropa isə bu ölkəyə təzyiqlər etmək əvəzinə hansısa həll edilməmiş münaqişədən danışır, ATƏT-in ölmüş Minsk Qrupunu xortlatmağa çalışır. Cənablar, siz bir o qədərmi vəhşisiniz ki, itkinlərin taleyinə acımasız şəkildə laqeydlik göstərirsiniz? O qədərmi insafsızsınız ki, öldürülmüş azərbaycanlıların bu günə qədər məlum olmayan dəfn yerləri barədə məlumatların təqdim edilməməsinə göz yumursunuz? Hanı insanpərvər Qərb dəyərləri? Bu sualın isə bir cavabı var: Avropa bu dəyərlərə çoxdan tüpürüb.

Belə olmasaydı, 44 günlük müharibədən sonra onlarla dinc əhalinin basdırılmış minaların qurbanına çevrilməsi ilə bağlı Azərbaycanın haqq səsinə səs verilərdi. Belə olmasaydı, işğaldan azad edilmiş ərazilərdə Ermənistan hərbçiləri tərəfindən 1 milyondan çox basdırılan minaların dəqiq xəritələri bizə təqdim edilərdi. Və əgər indiyə qədər buna cəhd edilməyibsə, çətin ki, indən sonra da Avropanın ölmüş vicdanı dirilə!

  • Namiq
    Avqust 30, 2022 - 22:11

    Hələ bu harasıdır. Üstəlik utanmadan Qarabağda yaşayan separatçılara minaların təmizlənməsi üçün maliyyə vəsaiti ayırırlar. Sual olunur: -Qarabağda separatçılar məskunlaşan ərazilərə minaları kim basdırıb ?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*