Qeyri-sabit hava taxıl zəmilərinə ziyan vurdu: Qıtlıq olacaq?backend

Qeyri-sabit hava taxıl zəmilərinə ziyan vurdu: Qıtlıq olacaq?

Azərbaycanda unun qiymətində artım müşahidə edilir. Üstəlik əsas taxıl ixracatçımız olan Rusiyadan da bədbin proqnozlar gəlməkdədir. Rəsmi qurumların məlumatına əsasən, may ayı ərzində havaların yağışlı və şaxtalı olması səbəbindən yerli taxıl istehsalında əhəmiyyətli azalma müşahidə ediləcək. Ölkəmizdə də müşahidə olunan qeyri-sabit hava şəraiti taxıl əkən fermerləri narahat edir. Onların sözlərinə görə, bu cür hava şəraiti taxıl zəmilərinə ciddi ziyan vurur və yığım prosesini ləngidir. Artıq bəzi ərazilərdə zəmilər güclü yağışın təsirindən yerə yatıb. Bu isə taxılın toplanması zamanı itkinin çoxalmasına səbəb olacaq. Fermerlər həmçinin bildirirlər ki, yağışlı hava şəraiti zəmilərdə “pas” xəstəliyinin yayılması üçün münbit şərait yaradır. Bu da məhsuldarlığa mənfi təsir göstərir.

Qeyd edək ki, Azərbaycanın taxıla olan illik tələbatı 3,5 milyon ton təşkil edir. Bunun təxminən 1,8 milyonu idxal, qalan hissəsi isə daxili istehsal hesabına təmin edilir. Ötən il Azərbaycana buğda idxalının 87 faizi Rusiyanın, 13 faizi isə Qazaxıstanın payına düşüb. Bundan başqa, 2023-cü ildə Azərbaycana buğda idxalı bir milyon 175,341 min ton təşkil edib ki, bu da 2022-ci ilin göstəricisindən 9,1 faiz azdır.

Bəs, görəsən, bu il yığımın ləngiməsi məhsuldarlığın azalmasına gətirib çıxaracaqmı? Bizi taxıl qıtlığı gözləyə bilərmi?

KONKRET.az xəbər verir ki, “Kaspi” qəzeti bu və ya digər suallara cavab axtarmağa çalışıb.

Məhsuldarlıq azalarsa…

Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirlinin sözlərinə görə, indiki şəraitdə sel və dolunun, ümumiyyətlə dəyişkən hava şəraitinin ən çox mənfi təsir etdiyi sahə taxılçılıqdır:

“Bir müddət sonra taxıl zəmiləri biçinə hazır olmalıdır. Amma proses yubanacaq. Çünki məhsulun yetişmə dövrü uzanacaq. Eyni zamanda, yağış düşəndə taxılın dibində yay mövsümündə çıxan alaq otlarının inkişafı sürətlənir ki, bu da taxıl biçininə maneə törədir. Taxıl biçən kombaynlar alaq otları qalxmış sahələrdə biçin işini aparmaqda çətinlik çəkirlər. Bu da məhsul itkisinə yol açır”.

Ekspert bildirib ki, Azərbaycan taxıla olan tələbatın əhəmiyyətli hissəsini idxal hesabına ödəyir. Bu səbəbdən qeyri-stabil hava şəraiti məhsuldarlığın azalmasına səbəb olsa belə, qıtlığa gətirib çıxarmayacaq:

“Təqribən ölkədaxili taxıl tələbatının 60 faizi idxal hesabına qarşılanır. Yalnız tələbatın 40 faizi istehsal oluna bilir. Məhsuldarlıq azalarsa, sadəcə, taxılın idxal həcmi bir qədər artacaq”.

“Qarabağda məhsuldarlığın yaxşı olacağı proqnozlaşdırılıb”

Aqrar sahə üzrə ekspert Cəfər İbrahimli isə bildirib ki, məhsuldarlığın aşağı düşüb-düşməyəcəyi barədə konkret fikir bildirmək çətindir:

“Ümumiyyətlə, indiki hava şəraitinin taxılçılığa ciddi ziyanının olduğunu düşünmürəm. Ola bilər ki, əvvəlki illərdən fərqli olaraq məhsulun yetişmə dövrü 5-10 gün geciksin. Əslində məhsulun yetişkənlik dövrünün uzanması taxılçılığa müsbət təsir göstərən amildir. Bizdə istilər qəflətən düşdüyü üçün bitkidə quruma prosesi tez başlayır və dənin tam dolması imkanı olmur. Bu da məhsuldarlığa mənfi təsir göstərir. Ona görə də havaların nisbətən sərin keçməsi bu dönəm üçün faydalıdır. Ümumilikdə bu il üçün ötən illərlə müqayisədə təxminən eyni səviyyədə istehsalın olacağını düşünürəm. Bu il Qarabağda əkilən torpaqlarda da məhsuldarlığın yaxşı olacağı proqnozlaşdırılıb. Əgər həmin ərazilərdə məhsuldarlıq yaxşı olarsa, bu, ümumi taxıl istehsalına müsbət təsir göstərəcək”.

C.İbrahimli onu da qeyd edib ki, bu gün hökumət üçün əsas prioritet ərzaqlıq buğdanın həcminin artırılmasıdır:

“Bu istiqamətdə əsas addımlar ötən ildən atılmağa başlayıb. Bununla bağlı dövlətin əlavə subsidiyaları da mövcuddur. Əgər bu il ərzaqlıq buğdanın istehsalı artarsa, bu, ümumi taxılçılıq üçün müsbət dəyərləndirilə bilər”.

“Yağan yağış dən suyunu əvəz edir”

Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinq şöbəsinin müdiri İmran Cümşüdov taxıl istehsalı ilə bağlı kifayət qədər nikbindir. Onun sözlərinə görə, indiki hava şəraiti taxıl sahələri üçün ciddi problem yaratmır:

“Ölkəmizdə bir milyon hektardan artıq sahədə taxıl əkilir. Taxılın 49 faizi dəmyə, 51 faizi suvarma şəraitində becərilir. İstər dəmyə, istərsə də suvarma şəraitində əkilən taxıldan yüksək məhsuldarlıq əldə etmək üçün yağmurlu hava şəraitinin xüsusi əhəmiyyəti var. Keçən il təxminən 170 min hektardan artıq dəmyə sahədə məhz quraqlıq səbəbindən məhsul tamamilə məhv olmuşdu. Amma bu il ötən illə müqayisədə hava şəraiti yağmurludur və nəticədə torpaqda kifayət qədər nəmlik ehtiyatı yaranıb. Bu cür havanı bitkilərin normal inkişafı, məhsulun formalaşması üçün əlverişli hesab edirik”.

Bu il taxıl istehsalı ilə bağlı proqnozlara gəlincə, şöbə müdiri vurğulayıb ki, bununla bağlı konkret fikir söyləmək çətindir:

“Bu günə qədər bitkilərin inkişafı normal gedib. Yağan yağmur da dən suyunu əvəz edir. Fermerlər bu aylarda adətən dənin yaxşı dolması üçün suvarma aparırdılar. Amma təbii şəkildə düşən yağış dən suyunu əvəz edib. Bu hal məhsul istehsalının artmasına, dənin yaxşı dolmasına, keyfiyyətinin yaxşılaşmasına səbəb olacaq. Artıq vegetasiya müddəti başa çatır və yığıma hazırlıq görülür. Yaxın vaxtlarda aran bölgəsindən başlayaraq dağətəyi və dağlıq rayonlarda yığım prosesinə start veriləcək”.

İyunun əvvəlindən kütləvi yığım prosesinə başlanılacaq

İ.Cümşüdovun sözlərinə görə, hava şəraitinin imkan verəcəyi təqdirdə, taxıl yığımında ləngimələr olmayacaq. İyunun əvvəlindən isə kütləvi şəkildə yığım prosesinə başlanılacaq:

“Bu il bir milyon 15 min hektar sahədə payızlıq taxıl əkini aparılıb. Onun 580 min hektardan artığını buğda, 417 min hektarını arpa təşkil edir. Bütövlükdə məqsədimiz odur ki, becərmə işləri normal qaydada başa çatsın və yığım prosesi itkisiz olaraq yekunlaşdırılsın. Məhsulumuz ötən illə müqayisədə bol olmalıdır. Çünki torpaqda yetərincə nəmlik var. Eyni zamanda, becərmə prosesi ilə bağlı fermerlərə mütəmadi olaraq dəstək göstərilir, dövlət tərəfindən ərzaqlıq buğdaya məhsul subsidiyası verilir və sairə”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*