Son dövrlər dünya bazarında qızılın qiymətində müşahidə olunan kəskin ucuzlaşma investorlar və qiymətli metala yatırım edən vətəndaşlar arasında suallar yaradıb. Uzun müddət bahalaşma tendensiyası nümayiş etdirən qızılın dəyərinin aşağı düşməsi bazarda yeni mərhələnin başlanması ehtimalını gündəmə gətirib.
Bəs qızılın ucuzlaşmasının arxasında hansı iqtisadi amillər dayanır? Mövcud qiymət enişi müvəqqətidir, yoxsa ilin sonunadək davam edə bilər?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı-ekspert Günay Hüseynova bildirib ki, dünya bazarında qızılın ucuzlaşması bir neçə mühüm iqtisadi amillə əlaqədardır.

Ekspertin sözlərinə görə, qiymətlərin aşağı düşməsində əsas rol oynayan amillərdən biri ABŞ dollarının möhkəmlənməsidir:
“Dünya bazarında qızılın qiymətinin aşağı düşməsi bir neçə amillə bağlıdır. İlk növbədə, dolların möhkəmlənməsi, ABŞ-da faiz dərəcələri ilə bağlı gözləntilər və investorların əvvəlki bahalaşmadan sonra mənfəətlərini realizə etməsi qiymətlərə təsir göstərir. Qızılın son dövrdə ciddi bahalaşması fonunda bazarda müəyyən korreksiyanın baş verməsi də təbii haldır”.
Günay Hüseynova qeyd edib ki, hazırkı ucuzlaşmanı qızıl bazarında uzunmüddətli enişin başlanğıcı kimi qiymətləndirmək doğru olmaz.
Onun sözlərinə görə, ilin sonunadək qiymətlərdə dəyişkənliyin davam etməsi mümkündür:
“İlin sonunadək qiymətlərdə dalğalanma davam edə, müəyyən müddət ucuzlaşma da müşahidə oluna bilər. Lakin bunu qızılın uzunmüddətli ucuzlaşma trendinə keçməsi kimi qiymətləndirmək düzgün olmaz. Geosiyasi gərginliklər, qlobal iqtisadi qeyri-müəyyənlik və mərkəzi bankların qızıl ehtiyatlarını artırması qiymətləri dəstəkləyən amillərdir”.
İqtisadçı vurğulayıb ki, beynəlxalq iqtisadi və siyasi proseslər qızılın gələcək qiymət dinamikasına ciddi təsir göstərə bilər.
“Bu baxımdan, hazırkı ucuzlaşma daha çox bazar korreksiyası xarakteri daşıyır və növbəti dövrdə qiymətlərin yenidən yüksəlməsi ehtimalı da qalır”, – deyə ekspert bildirib.
Beləliklə, ekspertin proqnozuna əsasən, ilin sonunadək qızıl bazarında qiymət dalğalanmaları davam edə bilər. Bununla belə, mövcud ucuzlaşmanın uzunmüddətli xarakter alacağı qəti deyil və qlobal iqtisadi şəraitdən asılı olaraq qızılın yenidən bahalaşması istisna olunmur.
Aynurə İsmayıl
KONKRET.az
