Adətən qripə yoluxan insanlarda xəstəliyin simptomları bir neçə gün ərzində zəifləyir və tədricən aradan qalxır. Lakin son dövrlər yayılan qripəbənzər virus infeksiyalarından sonra öskürək, boğaz ağrısı və halsızlıq kimi əlamətlərin həftələrlə davam etdiyi müşahidə olunur. Bu isə xəstəliyin niyə uzun müddət sağalmaması ilə bağlı suallar yaradır.
Mövzu ilə bağlı həkim-ekspert Şahvələd Məmmədov KONKRET.az-a açıqlamasında bildirib ki, hazırda payız mövsümünə xarakterik olan müxtəlif virus infeksiyaları yayılmaqdadır.

“Qrip və paraqrip virusları ilə yanaşı, enterovirus, rotavirus, eləcə də koronavirusun Omikron ştamının müəyyən variantlarına da rast gəlinir. Bu cür infeksiyaların yayılması təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkəsində müşahidə olunur.
Virus infeksiyalarından sonra öskürək, boğaz ağrısı və digər simptomların uzun müddət davam etməsinin səbəblərindən biri müalicəyə vaxtında başlanılmamasıdır. Bəzi insanlar həkimə müraciət etmək əvəzinə yalnız simptomları yüngülləşdirməyə yönələn vasitələrdən istifadə edir ki, bu da xəstəliyin gedişatına təsir göstərir”.
Şahvələd Məmmədovun sözlərinə görə, virus infeksiyalarından sonra öskürəyin üç həftəyədək davam etməsi mümkündür. Boğaz ağrısı və digər əlamətlər də müəyyən müddət qala bilər. Lakin həkim məsləhəti ilə uyğun müalicə və dərman vasitələrindən istifadə simptomların yüngülləşməsinə kömək edir.
Ekspert xüsusilə risk qrupuna daxil olan şəxsləri diqqətli olmağa çağırıb. O, bildirib ki, beş yaşadək uşaqlar, 65 yaşdan yuxarı şəxslər və xroniki xəstəlikləri olan insanlar qrip infeksiyasını daha ağır keçirə bilərlər.
Həkim bu kateqoriyadan olan şəxslərə qripə qarşı peyvənd olunmağı tövsiyə edib.
Aynurə İsmayıl
KONKRET.az
