Müharibə veteranları bu hüquqlardan yararlana bilər – Güzəştlərin SİYAHISIbackend

Müharibə veteranları bu hüquqlardan yararlana bilər – Güzəştlərin SİYAHISI

Azərbaycanda müharibə veteranları üçün bir sıra sosial, əmək, təhsil və vergi güzəştləri nəzərdə tutulur. Bu imtiyazlar sırasında Prezident təqaüdü, gəlir vergisi üzrə güzəştlər, əlavə əmək məzuniyyəti, təhsil haqqının dövlət hesabına ödənilməsi və məhkəmələrdə dövlət rüsumundan azadolma kimi hüquqlar yer alır.

Bəs müharibə veteranları konkret olaraq hansı güzəştlərdən yararlana bilərlər?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Aqşin İsgəndərzadə bildirib ki, “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinə əsasən, müharibə veteranı hesab edilən şəxslərin dairəsi qanunvericiliklə müəyyənləşdirilib.

“Bu kateqoriyaya Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərlə yanaşı, İkinci Dünya müharibəsində, digər ölkələrin ərazisində baş vermiş məhəlli müharibə və hərbi münaqişələrdə iştirak edən şəxslər də daxildir. Həmçinin qanunvericilikdə keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin və Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi hərbi əməliyyatlarda iştirak etmiş şəxslər də nəzərdə tutulur”.

Hüquqşünas qeyd edib ki, müharibə veteranlarına ilk növbədə 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilir.

“Bununla yanaşı, veteranların vergi öhdəlikləri ilə bağlı da müəyyən güzəştlər mövcuddur. Belə ki, müharibə veteranı statusu almış şəxslərin muzdlu işdən əldə etdikləri vergiyə cəlb olunan aylıq gəlirləri 400 manat məbləğində azaldılır. Onların mülkiyyətində olan torpaq sahələrinə görə torpaq vergisinin məbləği 10 manat, binalara görə əmlak vergisi isə 30 manat azaldılır.

Əmək münasibətlərində də müharibə veteranlarının hüquqları qorunur. İşçilərin sayı və ya ştatları ixtisar edilərkən onların işdə saxlanmasına üstünlük verilir. Eyni zamanda, veteranlara əmək məzuniyyəti onların arzusu ilə əlverişli vaxtda təqdim olunur.

Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış işçilərə isə azı 46 təqvim günü əmək məzuniyyəti verilir.

Təhsil sahəsində də müəyyən imtiyazlar tətbiq edilir. Belə ki, həmin şəxslər Azərbaycan Respublikasının təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə, əlavə təhsil istisna olmaqla, təhsil haqqından azad edilirlər. Bu xərclər dövlət büdcəsinin vəsaiti hesabına qarşılanır.

Bundan başqa, müharibə veteranlarının istifadəsində olan dövlət bağları və bağçılıq sahələri əvəzsiz olaraq onların şəxsi mülkiyyətinə verilir”.

Hüquqşünasın sözlərinə görə, veteranlar məhkəməyə müraciət edərkən də müəyyən güzəştdən yararlanırlar. Belə ki, onların məhkəmələrdə verdikləri iddialar üzrə dövlət rüsumu ödəmək öhdəliyi yoxdur.

Beləliklə, müharibə veteranları üçün nəzərdə tutulan güzəştlər təkcə aylıq təqaüdlə məhdudlaşmır, onların əmək, təhsil, vergi və məhkəmə sahələrində hüquqlarını da əhatə edir.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*