Banklardan kredit götürən şəxslərə təklif olunan sığorta xidmətləri borcalanlar üçün əlavə xərc yaratsa da, bunun qarşılığında hansı üstünlüklərin əldə edildiyi sual doğurur. Xüsusilə kredit sığortasının kreditin təsdiqlənməsinə, faiz dərəcəsinə, ayrılan məbləğə və girov və ya zamin tələbinə təsiri maraq doğuran məsələlərdəndir.
Bəs sığortaya razılıq verən şəxslər banklardan daha əlverişli kredit şərtləri əldə edə bilərlərmi?
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, Azərbaycanda hazırda kredit sığortası mexanizmi mövcud deyil. Onun sözlərinə görə, hazırda müzakirə olunan əsas məsələ işsizlikdən sığortanın tətbiqidir.
![]()
Ekspert qeyd edib ki, nəzərdə tutulan mexanizmə əsasən, borcalan iş yerini itirdiyi halda onun kredit öhdəliyinin müəyyən müddət ərzində sığorta şirkəti tərəfindən qarşılanması gözlənilir:
“Hazırda bu mexanizmin necə işləyəcəyi, borcun tam ödəniləcəyi, yoxsa müəyyən müddət ərzində qarşılanacağı dəqiq deyil. Lakin gözlənti ondan ibarətdir ki, belə sığorta mexanizmi tətbiq olunarsa, banklar həmin şəxslərə kredit verməkdə daha rahat davranacaqlar. Hətta kreditlərin faiz dərəcələrinin aşağı salınmasına da təsir göstərə bilər”.
Ə.Həsənovun fikrincə, işsizlikdən sığorta mexanizminin tətbiqi kredit faizləri ilə yanaşı, girov və zamin tələblərinə də təsir göstərər.
“Sağlam məntiqlə belə də olmalıdır. Çünki borcalanın işsiz qalması halında kredit öhdəliyinin sığorta hesabına qarşılanması bankın risklərini azaldır. Bu da öz növbəsində kreditin daha asan verilməsinə, faizlərin aşağı düşməsinə, girov və zamin tələblərinin yumşalmasına şərait yarada bilər”, – deyə iqtisadçı əlavə edib.
Aynurə İsmayıl
KONKRET.az
