Xəbər verdiyimiz kimi,Kamran Sultan oğlu İmanov “Şərəf” ordeni ilə təltif edilib.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
KONKRET.az bildirir ki,Kamran İmanov iqtisadiyyat naziri Mikayıl Cabbarovun qayınatasıdır.
Belə ki,Mikayıl Cabbarovun həyat yoldaşı Kamran İmanovun qızıdır.

Kamran Sultan oğlu İmanov 5 noyabr 1946-cı ildə Bakı şəhərində anadan olub.
O, 1964-cü ildə Bakı şəhəri 1 nömrəli orta məktəbi əla qiymətlərlə, 1969-cu ildə isə Azərbaycan Neft-Kimya İnstitutunu bitirib.
Əmək fəaliyyətinə ali təhsil aldığı institutda başlayan K.İmanov daha sonra Ali və orta ixtisas təhsili Nazirliyinin Elmi-Tədqiqat Hesablama Mərkəzinin direktoru, Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun prorektoru və birinci prorektoru vəzifələrində çalışıb.
Mütəxəssis müxtəlif illərdə dövlət idarəçiliyində bir sıra məsul vəzifələri icra edib. O, 1993-1995-ci illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri, 1995-2006 və 2008-2018-ci illərdə Müəllif Hüquqları Agentliyinin sədri, 2006-2008-ci illərdə isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi olub. Dövlət başçısının 7 may 2018-ci il tarixli Sərəncamı ilə Kamran İmanov Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib və hazırda da bu fəaliyyətini davam etdirir.
Kamran İmanov eyni zamanda elmi-pedaqoji sahədə zəngin təcrübəyə malikdir. Professor Azərbaycanın və Türkiyənin ali təhsil müəssisələrində mühazirələr oxuyub, Bakı Dövlət Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetində Əqli mülkiyyət kafedralarının yaradılması təşəbbüsü ilə çıxış edib. O, əqli mülkiyyət sahəsində əsas qanunvericilik aktlarının və 110-dan artıq elmi əsərin, o cümlədən erməni plagiatını ifşa edən 40-dan çox kitab və məqalənin müəllifidir.
Beynəlxalq miqyasda da ölkəmizi layiqincə təmsil edən K.İmanov Bern Konvensiyası İttifaqının Assambleyasının və Avrasiya Patent Təşkilatının İnzibati Şurasının sədri seçilib.
Səmərəli fəaliyyətinə görə o, bundan əvvəl 3-cü və 1-ci dərəcəli “Vətənə xidmətə görə”, “Şöhrət” ordenləri, eləcə də bir sıra nüfuzlu yerli və beynəlxalq mükafatlarla təltif olunub.
