Azərbaycan ordusunun Laçın rayonunu, eləcə də Zabux və Sus kəndlərini nəzarətə götürməsi ölkədə böyük sevinc hissi ilə qarşılanıb. Bu əlamətdar hadisəni Azərbaycan Prezidentinin “twiter” hesabında paylaşması və xalqımızı təbrik etməsi daha da bayram abu-havası yaradıb. Beləliklə regionda öz siyasi gücünü artıran Azərbaycan, Qarabağda baş verən proseslərə nəzarətini gücləndirməyə davam edir. Artıq şübhə yoxdur ki, çox yaxın zamanlarda bütün erməni qalıqları Qarabağdan tam çıxarılacaq və bayrağımız Xankəndidə dalğalanacaq.
Mövzunu KONKRET.az-a şərh edən politoloq Oqtay Qasımov bu hadisəni Azərbaycan üçün tarixi gün adlandırıb: “Ermənistan 10 noyabr 2020-ci il tarixində imzalanan üçtərəfli Bəyanətın şərtlərinə uyğun olaraq Laçın rayonunun Zabux və Sus yaşayış məntəqələrini bu Azərbaycana təhvil verdi. Həmçinin anlaşmaya əsasən Azərbaycan Laçın rayonundan yan keçən alternativ yolu 10 ay müddətində çəkib istifadəyə verdi və bu proses yekunlaşdı. Bu gün həmin ərazilərədəki yaşayış məntəqələrində Azərbaycan əsgəri yerləşib və sözügedən bölgələrdə bayrağımız dalğalanır. Bu, Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi qələbə ilə yanaşı, həm də diplomatik sahədə özünün siyasi, hərbi və iqtisadi gücünü artırıb yeni reallıqlar yaratmasının nəticəsidir. Bundan sonra isə Qarabağdakı müvəqqəti yerləşdirilən rus sülhməramlılarının nəzarətində olan hissənin təhvil verilməsi məsələsi zamanla həllini tapmalıdır. Azırbaycan tədricən özünün dövlət suverenliyini bütün ərazilərdə yaymalı, sərhədlərini dəqiqləşdirməli və Ermənistanı da 10 noyabr anlaşması üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə məcbur etdirmlidir. Çünki Ermənistan hələ də bəzi öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır. Düşünürəm ki, Azərbaycanın bu proseslərə nəzarəti üçün həm siyasi, həm hərbi, həm iqtisadi gücü yetərlidir”.

Politoloqun sözlərinə görə, beynəlxalq şərtlərə əsasən Azərbaycanın bütün ərazilərində suverenliyini bərpa etməsi və orada qalan Ermənistan hərbi birləşmələrinin çıxarılması istiqamətində addımlar atması üçün şans və imkanları var: “Qarabağda birgəyaşayış mümkündür. Ölkə başçısı İlham Əliyevin İsmayıllının Basqal kəndinə səfəri zamanı çıxışında dediyi kimi, Qarabağda qalan ermənilər Azərbaycan dövlətini əsas güc kimi qəbul etməyə başlayıblar. Yeni reallıqlar yaranıb və Ermənistan dövlətinin Qarabağ ərazisində yaşayan ermənilər üzərində təsir imkanı artıq olmayacaq. Bu iki xalqın yanaşı yaşaması mümkündür. Sadəcə olaraq uzun müddət erməni siyasətçiləri bu cəmiyyətin beynini böyük Ermənistan xülyası ilə dolduraraq onların baxışlarına təsir edib. Amma nəzərə alaq ki, ermənilər 1828-ci ildən Qarabağda məskunlaşmağa başlayıblar və o vaxtan bəri hər iki millət uzun müddət yanaşı yaşayıb. Təbii ki, kənar qüvvələrin müdaxiləsi və daşnaq təfəkkürlü terrorçuların köməyi ilə orada müxtəlif zamanlarda ciddi münaqişələr yaşanıb. Amma daha ayıq və sağlam düşünən erməni cəmiyyəti də var ki, onlar azərbaycanlılarla birgə yaşamağı qəbul edirlər və bunu dilə gətirirlər. Bu münasibətlər təbii ki tənzimlənəcək. Çünki Azərbaycan dövləti onlara hüquq və təhlükəsizliklə bağlı ən yüksək səviyyədə təminat verdiyini açıqlayıb. Azərbaycanın xarici siyasətdəki uğurları, Qafqaz ölkələri arasında aparıcı mövqedə çıxış etməsi, qardaş Türkiyə ilə münasibətlərin son dərəcə inkişafı, həmçinin ölkəmizin geosiyasi mövqeyi və potensialı bizə onu deməyə əsas verir ki, rəsmi Bakı iki xalq arasındakı münasibətləri tənzimləyəcək gücdədir və qarşıya qoyulan vəzifələri, o cümlədən konkret hədəfləri yerinə yetirmək imkanı var”.
Arifə Kərimzadə,
KONKRET.az
