Gürcüstan və Rusiya sərhədindəki Yuxarı Lars keçid məntəqəsində Ermənistan yük maşınları ilə bağlı problem yaranıb. Ermənistan tərəfi bunu Rusiyanın bilərəkdən etdiyini düşünür və baş verənləri özünəməxsus şəkildə şərh etməyə başlayıb.
KONKRET.az xəbər verir ki, Ermənistan parlamentinin müxalifətdən olan deputatı Artur Xaçatryanın sözlərinə görə, Yuxarı Lars keçid məntəqəsində yaranmış vəziyyət Ermənistan – Rusiya münasibətlərindəki hazırkı gərginliklə bağlıdır:
“Rusiyanın bu addımının müəyyən mesaj olduğunu istisna etmirəm. “Rospotrebnadzor” və “Rosselxoznadzor” təkcə bazara nəzarət etmir, bu qurumlar həm də siyasi alətdir. Görünən odur ki, münasibətlər çox gərgindir və bu, ictimai əhval-ruhiyyəyə təsirsiz ötüşmür”.
Ermənistan mətbuatı da Rusiyanın qadağalarından yazır. Xüsusən də Ermənistandan qızılgül ixrac edən “Rose Field” şirkətinin yük maşınları Rusiyanın fitosanitar nəzarətindən keçə bilmədiyinə görə beşinci gündür Larsdakı keçid məntəqəsində dayanıb. Bəs nə baş verir? Erməni yük maşınlarının dayanmasına doğrudanmı hava şəraiti imkan vermir, yoxsa Rusiyanın Ermənistanı cəzalandırma metodudur?
Rusiyalı analitik Konstantin Kalaçev bildirib ki, erməni deputat Xaçatryanın pafosu başadüşüləndir: “Məncə, Ermənistan parlamentinin deputatı Artur Xaçatryan ölkənin baş naziri ilə siyasi mübarizə aparır.Yuxarı Lars keçid məntəqəsində tıxacla bağlı vəziyyətə gəlincə, problem hava şəraitinin kəskin dəyişməsi ilə bağlıdır. Ancaq Rusiyanın müttəfiqləri ilə münasibətlərinin fərdi xüsusiyyətlərini xatırlayaraq, hər şey gözləmək olar. Burada yeni heç nə yoxdur. Belarus “südü”nün Rusiyadakı marketlərin rəflərindən necə itdiyini xatırlayın. Belə nümunələr çoxdur. Əgər Ermənistan qırmızı xətti keçsə, Rusiya İrəvana qarşı da oxşar metoddan istifadə edə bilər”.
Gürcü politoloq, Qafqaz İslam Araşdırmaları Mərkəzinin direktoru Şota Apxaidzenin sözlərinə görə, Yuxarı Lars keçid məntəqəsi ekstremal rejimdə işləyir: “Yuxarı Larsın ötürmə qabiliyyəti ilə bağlı problem təkcə Ermənistanı deyil, regionun bütün ölkələrini, o cümlədən, Türkiyə, İran, Qazaxıstan və digər region dövlətlərini də narahat edir. Erməni deputatın bəyanatına gəlincə, hesab edirəm ki, bu, səriştəsiz və uğursuz bəyanatdır. Yuxarı Larsda hava şəraiti ilə bağlı logistik problemlər həmişə olub. Hava şəraitinə görə Yuxarı Lars bir neçə gün bağlı da qalıb. Yuxarı Larsı genişləndirmək planı var. Amma Rusiyanın malların keçidinə süni maneələr yaratması barədə deyilənlər həqiqəti əks etdirmir”. Rusiyalı politoloq, Milli Enerji Təhlükəsizliyi Fondunun eksperti Stanislav Mitraxoviç isə bildirib ki, onun Rusiya ərazisinə daxil ola bilməyən erməni yük maşınları haqqında məlumatı yoxdur. Ekspert onu da qeyd edib ki, Ermənistanın Rusiyadan uzaqlaşması iki ölkə arasında ticarət əlaqələrinə də təsirsiz ötüşmür: “Ermənistanda Rusiya əleyhinə bəyanatlar səslənir və bundan da iki ölkə arasında ticarət zərər görür. Yəqin ki, bu kimi məsələləri təkcə texniki razılaşmalar yolu ilə həll etmək, fitosanitar nəzarəti müzakirə etmək yox, məsələnin siyasi tərəfinə baxmaq lazımdır. Baxmaq lazımdır ki, Ermənistanın Aİİ-də qalmaq perspektivi nə qədərdir, birgə inteqrasiya sahəsində bir çox başqa sazişləri pozacaq, ya yox? Bu sualın cavabından asılı olaraq ticarət sahəsində tendensiyalar görünəcək”.
Vəli Həsənov,
KONKRET.az
