“Bir gün Rusiya Ermənistanı və Qarabağı tərk edə bilər, o zaman Qarabağ ermənilərini kim qoruyacaq?”.
KONKRET.az xəbər verir ki, bunu erməni mediasına müsahibəsində politoloq Artur Xaçikyan deyib.
“Ermənistan rəhbərliyi həmişə günahkarı və bəhanə tapır. Bir bəhanə zavodu tikilsəydi, o zaman ölkəmiz birinci olardı.
İctimaiyyətin diqqətini bəhanələrlə yayındırırlar, həm də şiddətli anti-Rusiya təbliğatı aparılır.
Təbii ki, Rusiya daha çox iş görməli idi və Rusiya Federasiyası buna həvəsləndirilməlidir.
Amma Rusiya özü bu məsuliyyəti üzərinə götürüb, buna məcbur deyildi. Və bir gün Rusiya anlayacaq ki, bizimlə iş görmək mümkün deyil, Ermənistanı, Qarabağı tərk edəcək. O zaman Qarabağ xalqını kim qoruyacaq?
Laçın sülhməramlıların ərazisidir demək absurddur. Bizim rəhbərlik Praqada Qarabağın Azərbaycanın bir parçası olduğunu tanıyıb. İndi də deyirik ki, bu, Rusiyanın işidir. Tarixdə belə bir nümunə olmayıb ki, hökumət öz təhlükəsizliyinin başqa dövlətin işi olduğunu bəyan etsin.
Biz öz təhlükəsizliyimizi, maraqlarımızı düşünməliyik. Əvəzində daim səhvlərə yol verən, bizi yeni fəlakətlərə aparan səriştəsiz hökumətimiz var. Üstəlik də daim uşaq kimi bəhanələr uydururlar”, – deyə Xaçikyan bildirib.
Xuraman Etibarlı,
KONKRET.az
