Rusiya Ermənistanın Avropa İttifaqına inteqrasiya kursunu davam etdirməsi halında qaz tədarükü ilə bağlı sazişi dayandıra və ya birtərəfli qaydada ləğv edə biləcəyi barədə İrəvana xəbərdarlıq edib.
KONKRET.az “Kommersant”a istinadən xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Sergey Tsivilyovun adından Ermənistanın Ərazi İdarəetməsi və İnfrastruktur Nazirliyinə məktub göndərilib.
Məktubda qeyd olunub ki, Ermənistan hökumətinin Avropa İttifaqı ilə əməkdaşlığı dərinləşdirmək istiqamətində atdığı addımlar və Aİ-yə üzvlük istəyi Rusiya-Ermənistan ticarət-iqtisadi və investisiya əməkdaşlığının yüksək səviyyəsini təhlükə altına qoyur.
“Ermənistanın Avropa İttifaqı ilə münasibətləri dərinləşdirmək istiqamətində davam edən praktiki addımları və Aİ-yə qoşulmaq niyyəti Rusiya-Ermənistan iqtisadi və investisiya əməkdaşlığının əsasını təşkil edən ikitərəfli beynəlxalq sazişlərin gələcəyini sual altına qoyur”, – məktubda bildirilib.
Qeyd olunub ki, söhbət Ermənistana təbii qaz, neft məhsulları və işlənməmiş almazların tədarükünə dair razılaşmalardan gedir.
Rusiya Energetika Nazirliyi, eləcə də Ermənistanın Ərazi İdarəetməsi və İnfrastruktur Nazirliyi məsələ ilə bağlı şərh verməyib.
Ermənistan Baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan da nəşrin sorğusunu cavablandırmayıb.
