Rusiya hərbçiləri Ukraynanın Odessa şəhərində yerləşən və Ukrayna Silahlı Qüvvələrinin informasiya məlumatlarının emalı, ötürülməsi və saxlanması üçün istifadə etdiyi “Tenet” məlumat mərkəzinə zərbə endirib.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qurumun açıqlamasına görə, Rusiya Silahlı Qüvvələri gecə saatlarında Ukraynanın məlumat mərkəzlərinə, liman infrastrukturuna və Ukrayna ordusunun maraqları naminə istifadə edilən dəniz gəmilərinə pilotsuz uçuş aparatları ilə zərbələr endirib.
Bundan başqa, Rusiya Müdafiə Nazirliyi Çornomorsk limanında hərbi təyinatlı yüklər daşıdığını iddia etdiyi quru yük gəmisinin də vurulduğunu bildirib.
“Tenet” şirkəti isə texnoloji kompleksin soyutma sistemlərinə və elektrik enerjisi istehsal edən avadanlıqlarına ciddi ziyan dəydiyini açıqlayıb. Şirkət zədələnmiş ərazinin gələcəkdə istifadəsinin mümkün olub-olmayacağına şübhə ilə yanaşır.
Bildirilib ki, baş verənlər səbəbindən bəzi abunəçilərin internetə çıxışında və ayrı-ayrı xidmətlərdən istifadəsində fasilələr yarana bilər.
Günay Əli
KONKRET.az
