“Rusiya Prezidentinin çıxışı müəyyən ümidlər doğurur”.
KONKRET.az xəbər verir ki, bunu Qarabağ separatçılarının başçısı Arayik Arutyunyan deyib.
“Son zamanlar bütün dünya ermənilərinin diqqəti Ermənistan-Azərbaycan danışıqlarına yönəlib. Bir sıra güc mərkəzləri nizamlanmanın əsas məsələləri ilə bağlı Ermənistan və Azərbaycan hakimiyyətlərinə təkliflər təqdim edib.
Təklif olunan prinsiplər və yanaşmalar qəbul edilərsə və həyata keçirilərsə, həm Qarabağ və onun xalqı, həm də Ermənistan üçün həlledici əhəmiyyət kəsb edəcəkdir.
Məhz bu səbəbdən səhv etməyə haqqımız yoxdur, çünki hər hansı bir səhv ölümcül ola bilər.
Biz əminik ki, Qarabağ xalqının öz müqəddəratını təyinetmə hüququnu inkar edən və “Arsax”ın mövcudluğuna şübhə yaradan təkliflər və prinsiplər birdəfəlik rədd edilməlidir.
Mövcud çağırışları və məhdud imkanları nəzərə alaraq, fikrimizcə, Rusiyanın təklifləri Qarabağın təhlükəsizliyini təmin etməyə imkan verən və onun gələcəyinə şübhə yaratmayan minimum meyarlara daha çox uyğundur.
Ümid edirik ki, oktyabrın 31-də keçiriləcək üçtərəfli sammit nəticəsində Qarabağın taleyi ilə bağlı elementləri birləşdirmək mümkün olacaq.
İlk növbədə, söhbət Qarabağda yerləşən Rusiya sülhməramlı qüvvələrinin missiyasının qeyri-müəyyən müddətə uzadılmasından gedir.
Onların Qarabağda olması həyati əhəmiyyət kəsb edir. Çünki 2020-ci ilin noyabr ayından etibarən Rusiya sülhməramlıları təklükəsizliyimizi qoruyur. İkinci əsas parametr ən azı Qarabağın indiki statusunu saxlamaqdır.
Rusiya Federasiyası Prezidentinin “Valday” Beynəlxalq Klubunun iclasındakı çıxışı bu məqsədlərin kifayət qədər reallaşa biləcəyinə dair müəyyən ümidlər yaradır.
Əminik ki, biz birgə səylərlə Azərbaycan və onun müttəfiqləri tərəfindən Qarabağa qarşı qanunsuz güc tətbiqinin nəticələrinin qanuniləşdirilməsinin qarşısını alacaq”, – deyə çərənləyib.
Xuraman Etibarlı,
KONKRET.az
