Rusiyanın taxıl sazişindən imtina etməsi dünya dövlətləri tərəfindən ciddi müzakirə mövzusuna çevrilib. Kremlin bu addımı hansı səbəblərdən atdığına dair bir sıra proqnozlar səsləndirilir. Lakin görünən odur ki, Putin sazişdən imtina etməklə özünün yeni maraqlarını təmin etməyə çalışır.
Mövzunu KONKRET.az-a şərh edən politoloq Əlimusa İbrahimov bildirib ki, Rusiya taxıl sazişindən imtina etmək üçün müxtəlif bəhanələr gətirir: “Kreml iddia edir ki, Ukrayna dəhlizdən yararlanaraq dronlar vasitəsi ilə Rusiyanın Qara dənizdəki hərbi obyektlərini bombalayır. Buna görə də, taxıl dəhlizinin əvvəlki qaydada fəaliyyət göstərməsinin mümkün olmadığını vurğulayır. Yəqin ki, yeni razılaşmalara gediləcək. Amma düşünürəm ki, reallıq tam fərqlidir. Belə ki, Rusiya taxıl sazişi imzalanan zaman öz kənd təsərrüfatı məhsullarını və gübrəsini də barter olaraq xarici bazara çıxarmağa icazə istədi və buna razılıq verildi. Lakin Ukrayna taxılı dünya bazarına çıxarılsa da, Rusiyanın kənd təsərrüfat məhsulları bu prosesdən kənarda qaldı. Buna səbəb isə Rusiyanın bütün mallarının ciddi sanksiyalara məruz qalmasıdır. Bu isə Kremli qıcıqlandırdığından Rusiya taxıl sazişindən imtina etdi. Görünən odur ki, Rusiya taxıl sazişindən çıxmaqla özünə adekvat olan məsələləri yenidən gündəmə gətirməyə çalışacaq və ona qarşı yönələn sanksiyaların yumşaldılmasına səy göstərəcək”.

Politoloqun sözlərinə görə, Rusiyanın taxıl razılaşmasından çıxması hələ Ukraynanın bu məhsulu ixrac etməyəcəyi anlamına gəlmir: “Rusiya dəhlizin təhlükəsiz olacağına və həmin ərazidə hərbi əməliyyatlar aparmayacağına dair üzərinə öhdəlik götürmüşdü. Amma indiki vəziyyətdə Kreml müxtəlif vasitələrlə taxıl göndərilməsinin qarşısını almağa çalışacaq. Silahlı insidentlərin olması və gəmilərə hücumların edilməsi istisna deyil. Düşünürəm ki, Rusiya taxıl daşıyan gəmilərə qarşı təxribata əl atsa, bu zaman dünya dövlətləri Kremlin Qara dənizdəki hərbi obyektlərinə zərbələr endirəcək. Digər proqnoz isə odur ki, dünya dövlətləri Rusiya ilə yenidən danışıqlara gedəcək və Kremlin istəkləri yerinə yetiriləcək. Kremlə yaxın olan dairələrin bildirdiyinə görə, taxıl dəhlizi əvvəlki kimi fəaliyyət göstərməyəcək. Bu isə o deməkdir ki, Rusiya taxıl dəhlizinin mövcud olmasına razıdır. Sadəcə olaraq Kreml öz şərtləri daxilində dəhlizin fəaliyyət göstərməsini istəyir. Bu şərtlərin qəbul edilib-edilməyəcəyini isə zaman göstərəcək”.
Müşviq Tofiqoğlu,
KONKRET.az