Bu həftə Rusiya Dövlət Duması xarici vətəndaşların inzibati cərimə ilə yanaşı, onların ölkədən deportasiya olunacağı inzibati xətaların siyahısını genişləndirən qanun layihəsini nəzərdən keçirəcək.
KONKRET.az xəbər verir ki, bu barədə RF Dövlət Dumasının sədri Vyaçeslav Volodin məlumat verib.
Onun sözlərinə görə, ilkin variantda siyahının 43 maddəyədək genişləndirilməsi planlaşdırılsa da, sonradan daha iki əsas əlavə edilib. Bunlar hər hansı əlamətə görə ayrı-seçkilik (cins, irq, dəri rəngi, milliyyət, dil, yaş, dinə münasibət və s.) və dövlət sərhədində hərbi qulluqçuların qanuni tələblərinə tabe olmamaqdır.
Volodin bildirib ki, dəyişikliklər ölkədə ictimai təhlükəsizliyin gücləndirilməsinə və miqrasiya sahəsində nizam-intizamın təmin edilməsinə xidmət edəcək. O, əlavə edib ki, Dövlət Duması bu həftə əmək miqrasiyası ilə bağlı digər qanunvericilik təşəbbüslərinə də baxacaq.
Hazırda Rusiya İnzibati Xətalar Məcəlləsinə əsasən, əcnəbilərin ölkədən çıxarılması inzibati xətaya görə tətbiq oluna bilən cəza növlərindən biridir.
Təklif olunan dəyişikliklərə əsasən isə bəzi inzibati xətalara görə cərimə ilə yanaşı, ölkədən çıxarılma məcburi əlavə cəza olacaq.
Qeyd edək ki, qanun layihəsi Rusiya Daxili İşlər Nazirliyi tərəfindən mart ayında hazırlanıb və may ayında Dövlət Dumasında birinci oxunuşda qəbul edilib.
Müşviq Tofiqoğlu
KONKRET.az
