Qarabağ separatçılarının başçısı Arayik Arutyunyan müraciətində Ruben Vardanyanın “dövlət naziri” vəzifəsindən azad edilməsinin zəruriliyindən danışacaq.
KONKRET.az xəbər verir ki, bu barədə erməni mediası mənbələrə istinadən məlumat yayıb.
“Arayik Arutyunyanın mesajı nə vaxt və harada dərc olunacaq?
Üç aya yaxındır ki, “mühasirə”də olan Qarabağın taleyi qaranlıq olaraq qalır və nə vaxt açılacağı məlum deyil. Mətbuat nəşrlərini və politologiya dairəsinin təhlillərini izləsək, Arayik Arutyunyanın sabahkı müraciətindən çox şey asılıdır.
Xatırladaq ki, bir neçə gün əvvəl Arayik Arutyunyanın fevralın 23-də “Arsax” xalqına müraciət edəcəyi bildirilmişdi. Əldə etdiyimiz məlumata görə, Arutyunyan Ruben Vardanyanın “dövlət naziri” vəzifəsindən azad edilməsinin zəruriliyindən danışacaq.
Müraciət günortadan sonra Arayik Arutyunyanın Facebook səhifəsində dərc olunacaq.
Əldə etdiyimiz məlumata görə, Arutyunyanın komandası vəziyyəti və həll yollarını video və ya mətn variantında necə düzgün təqdim etmək məsələsini ciddi şəkildə müzakirə edib.
Buna baxmayaraq, Arutyunyanın çıxışını daha təsirli şəkildə təqdim etmək üçün videomüraciət hazırlamaq qərara alınıb.
Beləliklə, sabah günortadan sonra Qarabağı hansı aqibət gözlədiyi bəlli olacaq. Və vacib suallardan birinə cavab veriləcək: Ruben Vardanyan dövlət naziri postunu tərk edir, ya yox”, – deyə media bildirib.
Xuraman Etibarlı,
KONKRET.az
