“Saudi Aramco”da işləyir, 6100 dollar maaş alır, amma aliment ödəmirbackend

“Saudi Aramco”da işləyir, 6100 dollar maaş alır, amma aliment ödəmir

Bakının Xətai rayonu sakini Camalə Həsən qızı İmanova keçmiş həyat yoldaşı Murad Səfərəliyevin valideynlik hüququndan məhrum edilməsinə dair Xətai Rayon Məhkəməsində iddia qaldırıb.

KONKRET.az xəbər verir ki, C.İmanova deyib ki, keçmiş həyat yoldaşı aliment ödəməkdən yayınmaq üçün dövləti və öz övladlarını aldadıb. “2012-ci ildə ailə qurmuşuq, birgə nikahdan üç azyaşlı qızımız  var. Tomris 6, Dəniz 4 yaş yarım, Canel 2 yaşındadır. 2018-ci ilin mayında rəsmi qaydada boşanmışıq”, – şikayətçi belə deyib. 

Tərəflər arasında problem boşanandan sonra daha da dərinləşib. Belə ki, Xətai Rayon Məhkəməsində C.İmanova ilə M.Səfərəliyev arasında nikahın pozulmasına və aliment təyin edilməsinə dair iddiaya baxılarkən atanın üç azyaşlı övladı üçün qazancının yarısı qədər aliment ödənilməsi haqda qərar çıxarılıb. Qərar 2018-ci ilin aprelin 17-dən qüvvəyə minib. Lakin Murad Səfərəliyev C.İmanovanı müxtəlif zamanlarda müxtəlif iddialarla məhkəməyə verib. Nəhayət, işləmədiyini iddia edərək dair dövləti aldatmağa, nəticədə alimentin məbləğini azaltmağa nail olub. Beləliklə, üç uşağa görə cəmi 296 manat aliment kəsililib.

Amma Cəmalə İmanova keçmiş həyat yoldaşının Səudiyyə Ərəbistanında “SAUDİ Aramco” şirkətində çalışdığını sübut edib. Müraciətlərə rəsmi cavab verilib ki, Səfərəliyev hər ay müxtəlif ödəmələr çıxmaqla 6100 dollar maaş alır. “Murad 2017-ci ilin dekabrından həmin şirkətdə çalışır. Bu, sənədlərlə sübut olunub. Amma işləmədiyinə dair yalan ifadələr verib. 19 aydır aliment ödəməkdən yayınır”, – deyə İmanova bildirib.

Şikayətçi deyib ki, dövləti və son nəticədə öz uşaqlarını aldatmış atanın valideynlik hüququndan məhrum olunmasını tələb edir. Eləcə də onun cinayət məsuliyyətinə cəlb olunmasını istəyir: “Keçmiş həyat yoldaşımın alimentə görə 40 min dollar borcu yaranmışdı. Xətai Rayon Məhkəməsinin 7 oktyabr, 2019-cu il tarixli qərarı ilə cavabdehin 40 min dollar borcu yarandığından ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb. Amma o, bu qərardan sonra heç bir maneəsiz Azərbaycana gəlib, yenidən ora qayıdıb. Onun saxlanılması üçün heç bir tədbir görülməyib. Hazırda borcun məbləği 73 min 591 manatı ötüb”.

İmanova əlavə edib ki, artıq aliment də istəmir, bir şərtlə ki, onun və övladlarının rahat yaşamasına icazə versinlər. Mən övladları stressdən uzaq, təhlükəsiz şəraitdə böyüdüm. Mən onların Azərbaycan üçün layiqli vətəndaş kimi böyümələrini istəyirəm.

“Artıq məhkəmələrdən yorlmuşam. Atam stresslərə dözməyərək dünyasını dəyişdi. Təkcə Murad deyil, onun yaxınları Rəna Səfərəliyeva, Valid Səfərəliyev, Rüfət Səfərəliyev tərəfindən məhkəməyə verilmişəm. Bilmirəm ki, işləyib üç azyaşlı uşağım üçün çörək qazanım, yoxsa məhkəmələrə gedim”, – deyə qadın bildirir.

C. İmanova ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevadan şikayətini nəzarətə götürməsini xahiş edir.

Ü.Xudiyeva

 

 

 

Virtualaz.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*