“Bu, təbii fəlakətdir. Yağışın miqdarı çox olub. Yağışın miqdarı çox olanda nasosların gücü çatmır, kanalizasiya sistemi götürmür. Buna görə də Sədərək Ticarət Mərkəzindəki mağazaları su basıb. Düzdür, satıcılara, sahibkarlara zərər dəyib. Hazırda vəziyyət araşdırılır. Nümayəndələrimiz ərazidədir. Allahın izni ilə sahibkarlara dəymiş zərəri rəhbərlik ödəyəcək, yenidən bərpa edəcək. Böyük bir fəlakətdir. Bütün kollektiv hazırda iş başındadır, hamı işləyir”.
KONKRET.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Sədərək Ticarət Mərkəzinin mətbuat katibi Kəmaləddin Qədim deyib.
O, hazırda Ticarət Mərkəzinə nə qədər ziyan dəyməsi barədə isə belə deyib:
“Araşdırma gedir, bunu birdən-birə demək olmaz. Yağış səhərə yaxın baş verib”.
K.Qədim əməkdaşımızın “Sədərək Ticarət Mərkəzi ilə bağlı tez-tez belə hallar yaşanır, orada kanalizasiya, yanğından mühafizə sisteminin normal işləməməsi barədə şikayətlər var” sualına isə belə cavab verib:
“Belə hadisə təkcə burda olmur ki. Dünyanın hər yerində təbii fəlakət olur. Hazırda Binə Ticarət Mərkəzində də bu hal yaşanır. Amma məhz Sədərəkdən yapışırlar. Bizdə Mətbuat Xidməti var, məlumat ala bilirsiniz. Heç Binədən məlumat ala bilmirsiniz. Mağazalarda yanğın olur, hamısını yenidən bərpa edirik. Rəhbərlik müəyyən güzəştlər edir, bunu vurğulamaq istəmirəm. Biz nə etməliyik? Mağazaları biz yandırmamışıq ki. Yağışı biz yağdırmışıq? Allahın işinə qarışmırıq”.
K.Qədim problemlərlə bağlı şikayət edən sahibkarların obyektlərinin Sədərək Ticarət Mərkəzinin rəhbərliyi tərəfindən əllərindən alınması barədə iddialara isə belə cavab verib:
“Tamamilə yalan məlumatdır. Adı ilə kimsə konkret vurğulasın, biz də cavab verək. Bilək doğrudan da o adam kimdir. Hamısı dezinformasiyadır. Belə məlumatlara inanmayın. Rəhbərlik bu işlərlə yüksək səviyyədə məşğul olur”.
