Rusiyanın Komi Respublikasının keçmiş kənd təsərrüfatı naziri Denis Şaronov 2022-ci ilin oktyabrında çağırış vərəqəsini aldıqdan sonra ABŞ-a gedib və siyasi sığınacaq istəyib.
KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, hazırda keçmiş nazir yük maşını sürücüsü işləyir.
Məlumata görə, o, 2022-ci ilin yanvarında vəzifəsini tərk edib. Həmin ilin oktyabrında çağırış vərəqəsi alan nazir ABŞ-a gedib və siyasi sığınacaq istəyib.
Qeyd edək ki, Denis Şaronov Orenburq Dövlət Aqrar Universitetində təhsil alıb. O, 2008-2014-cü illərdə Stavropol diyarında yem zavodunun tikintisi ilə məşğul olan “Raiffeisen Agro” şirkətinin direktoru olub. Daha sonra Şaronov 2020-ci ildən 2022-ci ilin yanvarına qədər Kominin kənd təsərrüfatı və istehlak bazarı naziri olub.
Sabiq nazir yerli KİV-ə ABŞ-a getdiyini və yük maşını sürücüsü işlədiyini təsdiqləyib. O bildirib ki, nazir vəzifəsindən regionun rəhbəri Vladimir Uiba ilə uzun sürən münaqişə zəminində qovulub. Denis Şaronovun sözlərinə görə, yük maşını sürücüsü peşəsi müvəqqətidir. ABŞ-da sığınacaq aldıqdan sonra biliyini kənd təsərrüfatında tətbiq etmək istəyir.
Şaronov Rusiyada iki dəfə cinayət təqibinə məruz qaldığını bildirib. O, hər iki dəfə bəraət alıb.
İqbal Rzayev,
KONKRET.az
