Şərurda “Bu kənddə kişi yoxdur” sözünə görə dava düşdü — DETALLARbackend

Şərurda "Bu kənddə kişi yoxdur" sözünə görə dava düşdü — DETALLAR

Şərur rayonunda 39 yaşlı kişi həmyerlisinə ağır xəsarət yetirməkdə ittiham olunub.

KONKRET.az demokrataz-a istinadən xəbər verir ki, Şərur rayon sakini, 1987-ci il təvəllüdlü Seymur həmkəndliləri və qonşularının oğlunun kiçik toy məclisindən çıxdıqdan sonra sərxoş halda rayonun Tənənəm kəndində anadan olmuş Rafiqlə mübahisə edib.

Bu zaman o, Rafiqə “Tənənəm kəndində kişi yoxdur, kəndinizin üstündən keçərəm” deyib. Həmin sözlərə görə Rafiqlə aralarında mübahisə yaranıb.

Mübahisə zamanı Seymur yerdən götürdüyü daşla, həmçinin başı ilə Rafiqin baş nahiyəsinə zərbələr vurub. Rafiq zərbələrin təsirindən huşunu itirərək yerə yıxılıb.

Daha sonra yerdə onun yaxasından tutub, başını yerə çırparaq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Seymurun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Seymur ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, qardaşı ilə birlikdə toy məclisinə gedib:

“Orada yemək yeyib, spirtli içki qəbul etdikdən sonra çadırdan çölə çıxdıq. Həmkəndlim Vüqarla söhbət etməyə başladım. Bu vaxt Rafiq yanımıza gəldi və Vüqardan söz soruşmaq istədiyini söylədi. Vüqar isə mənimlə söhbətini bitirdikdən sonra gələcəyini dedi. Rafiq isə “Seymur kimdir ki, o sənin şalvarından aşağıdır” deyə nalayiq ifadə işlətdi. Onun bu sözünə əsəbləşdim və “ayıb olsun” deyərək onunla sözlü mübahisə etməyə başladıq”.

Təqsirlənirilən şəxs deyib ki, Rafiqlə aralarında sözlü mübahisə olub:

“Amma Rafiqə kimin xəsarət yetirdiyini xatırlamıram. Buna görə də özümü baş vermiş hadisədə təqsirli bilmirəm. Mən toyda qardaşım və digər şəxslərlə birlikdə çox miqdarda spirtli içki qəbul etdiyim üçün Rafiqlə sözlü mübahisə etdikdən sonrasını xatırlamıram. Növbəti gün polis şöbəsində olarkən ayılmışam. Ayıldığımda əynimdəki şalvarın dizlərinin cırıq vəziyyətdə olduğunu gördüm”.

İş üzrə zərərçəkmiş Rafiqin sözlərinə görə, hadisənin baş verdiyi toya təxminən yarım saat gec gedib:

“Toyda yemək yedim, spirtli içki qəbul etdim. Seymurla aramızdakı münaqişənin necə başlaması və hadisənin necə baş verməsi ilə bağlı heç nəyi xatırlamıram. Daha əvvəl Seymurla aramızda heç bir ədavət və düşmənçilik olmayıb”.

Rafiq qeyd edib ki, hadisədən 1 ay sonra xəstəxanada olarkən bacısı və qardaşı ona toyda Seymurla mübahisə etdiyini və Seymurun onu vurduğunu söyləyiblər:

“Seymurun qohumlarından son vaxtlarda yanıma gələn olub. Lakin məni həkimə aparıb müalicə etdirmək barədə təklif olunmayıb. Təqsirləndirilən şəxsə qarşı heç bir maddi, mənəvi tələbim və şikayətim yoxdur”.

Məhkəmədə toy sahibi də ifadə verib: “Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxslə münasibətim yaxşı olub. Onların hər ikisini oğlumun toy məclisinə dəvət etmişəm. Onların hər ikisi toyda iştirak edərək spirtli içki qəbul ediblər. Bir müddət keçdikdən sonra toy məclisinin təşkil olunduğu çadırdan kənarda Rafiqlə Seymurun bir-birilərinə söyüş söyərək mübahisə etdiklərini eşitdim. Yanlarına gedərək Seymura toyda qız-gəlinin iştirak etdiyini, söyüş söyməməsini deyərək əlimlə onu itələdim. Bu vaxt Vasif adlı qardaşım özünün maraqlanacağını, toy sahibi olduğum üçün qarışmamağımı dedi və Seymuru yaşadığı

evin istiqamətinə apardı. Mən isə toyda yığılan pulu siyahı üzrə təhvil aldığıma görə evə getdim. Seymurla Rafiqin aralarında sonra baş verənlərdən xəbərim olmayıb”.

Toy sahibinin sözlərinə görə, bir qədər sonra həyətə çıxdıqda çadırda heç kimin qalmadığını, camaatın uzaqda toplaşdığını görüb:

“Mən də camaatın toplaşdığı yerə getdim. Bu zaman yerdə Rafiqin nəfəs alıb-verdiyini gördüm. Lakin yerdə qan izinin olduğunu görməmişəm. Bundan sonra təcili tibbi yardım gələrək Rafiqi xəstəxanaya apardı. Seymurla Rafiqin arasında daha əvvəl hər hansı düşmənçilik və ədavət olmayıb, münasibətləri həmişə yaxşı olub”.

Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Seymur 4 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*