Şimal-qərb regionuna yağan güclü yağış Əlican çayında sululuğu artırıb.
KONKRET.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, seldən ən çox əziyyət çəkən Şəkinin Cəyirli kəndi və ona bitişik ərazilər olub.
Belə ki, sel kənddə təsərrüfatlara ziyan vurub və bəzi mal-qaranı aparıb. Güclü leysan Əlican çayında sululuğu artırmaqla yanaşı axını gücləndirib. Çayın Yevlağın Xaldan qəsəbəsi civarında əsl panika yaşanıb. Belə ki, axşam saat 23:00 radələrində suyun səviyyəsi xeyli qalxıb, çay boyu yerləşən Yenicə və Bucaq kəndləri ərazisində ev, bağ və meşə zolağına sızıb.
Yerli sakinlərin verdiyi məlumata görə, sel çox sayda toyuq, cücəni tələf edib, iribuynuzlu heyvanlardan da bəzisi selin qurbanı olub.
Ehtiram Muradov,
KONKRET.az
