Ermənistan parlamentinin “Hayastan” (Ermənistan) fraksiyasının müxalif deputatı Geqam Manukyan seçki qanunvericiliyinə təklif edilən dəyişikliklər layihəsini kəskin tənqid edib. Deputat bəyan edib ki, sözügedən layihə zəruri ictimai və peşəkar müzakirələr tam təmin edilmədən parlamentə təqdim olunub.
KONKRET.az xəbər verir ki, bu barədə məlumat Ermənistanın “Hraparak” qəzetində dərc olunan məqalədə yer alıb.
Geqam Manukyanın sözlərinə görə, hakimiyyət nümayəndələri layihənin ictimai müzakirə mərhələsindən keçdiyini iddia etsələr də, bu müzakirələrin hansı formatda və hansı dairələrdə aparıldığına dair heç bir şəffaf məlumat yoxdur. Deputat qeyd edib ki, parlamentin ekspert qrupunun rəsmi rəyi hələ hazır olmadığı halda, layihənin bu qədər tələsik şəkildə parlamentin müzakirə gündəliyinə daxil edilməsi anlaşılan deyil.
“Hakimiyyətin gizli siyasi məqsədləri var”
Müxalifətçi deputat bir sıra qeyri-hökumət təşkilatlarının (QHT) da bu layihəyə qarşı birgə bəyanatla çıxış etdiyini və onu “anti-konstitusion təşəbbüs” kimi qiymətləndirdiyini diqqətə çatdırıb. O, qanunvericiliyə edilən dəyişikliklərin bu qədər sürətlə irəli sürülməsinin arxasında hakimiyyətin xüsusi siyasi motivlərinin dayandığını vurğulayıb.
Manukyan təklif olunan dəyişikliklərin çox sayda vətəndaşın seçki hüququna birbaşa mənfi təsir göstərəcəyindən və onların seçki proseslərində iştirakını məhdudlaşdıracağından ciddi narahatlığını ifadə edib:
“Bu tələsikliyi siyasi və gizli məqsədlərin olması ilə əlaqələndirməkdən başqa bir izahı yoxdur. Bu qərar Ermənistanda yüz minlərlə soydaşımıza təsir edəcək və onları seçkilərdə iştirak etmək imkanından məhrum edəcək”.
Rəsmiyyə Şərifova,
KONKRET.az
