Son illər ictimai nəqliyyatda xidmət keyfiyyətinin artırılması və sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə müxtəlif tarif modellərinin tətbiqi müzakirə olunur. Bu modellərdən biri də avtobus və metro sistemində günlük, aylıq və illik abonementlərin tətbiqidir. Belə bir sistem sərnişinlərə daha sərfəli və çevik seçim imkanı yarada, eyni zamanda nəqliyyat sektorunda ödəniş mexanizmlərinin təkmilləşdirilməsinə töhfə verəcək.
Bəs abonement sisteminə keçid mövcud gedişhaqqı siyasətinə necə təsir göstərə bilər?
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Razi Abbasbəyli bildirib ki, yeni tarif siyasəti hazırlanarkən ilk növbədə əhalinin sosial həssas qrupları nəzərə alınmalıdır.

Onun sözlərinə görə, dünya təcrübəsində orta məktəb şagirdləri, tələbələr, əlilliyi olan şəxslər, şəhid ailələri və digər həssas kateqoriyalara müxtəlif güzəştlər tətbiq edilir:
“Bir çox ölkələrdə bu kateqoriyadan olan vətəndaşlar aylıq, yarımillik və ya illik abonement kartlarından yararlanırlar.Tariflər şəhərlərə görə dəyişir. Paytaxtlarda və iri şəhərlərdə fərqli, digər yaşayış məntəqələrində isə müxtəlif qiymətlər müəyyən edilir. Məsələn, bəzi ölkələrdə şagirdlər üçün tədris ilini əhatə edən 9 aylıq limitsiz gediş kartları tətbiq olunur”.
Ekspert Türkiyə təcrübəsini nümunə göstərərək qeyd edib ki, tələbələr üçün aylıq limitsiz ictimai nəqliyyat kartlarının qiyməti təxminən 16-18 manat ekvivalentindədir:
“Tariflər əsasən yerli idarəetmə orqanları və bələdiyyələr tərəfindən müəyyənləşdirilir. Şəhərlərarası dəmir yolu nəqliyyatında isə güzəştlər daha çox fərdi qaydada tətbiq olunur. Şəhərdaxili nəqliyyatda isə aylıq, 6 aylıq və illik limitsiz kartlar vətəndaşların nəqliyyat xərclərini azaltmağa xidmət edir”.
R.Abbasbəyli hesab edir ki, Azərbaycanda da məsafədən asılı tarif modelinin tətbiqi mümkündür:
“Bakı şəhərinin mərkəzi ilə kənd və qəsəbələri birləşdirən marşrutlarda fərqli tariflər müəyyən edilə bilər. Eyni zamanda Bakı-Sumqayıt istiqamətində vahid və daha sərfəli abonement sisteminin yaradılması mümkündür.
Vətəndaşlara seçim imkanı verilməlidir. Məsələn, ictimai nəqliyyatdan az istifadə edən şəxslər üçün 10 və ya 15 günlük kartlar da təklif oluna bilər”.
İqtisadçı hesab edir ki, abonement sisteminin tətbiqi turistlər üçün də əlverişli olacaq:
“Azərbaycana gələn xarici vətəndaşlar üçün aylıq və ya müəyyən müddətli nəqliyyat kartlarının təqdim edilməsi həm onların rahatlığını artıracaq, həm də ictimai nəqliyyatın gəlirlərinin yüksəlməsinə səbəb olacaq. Bu, ümumilikdə turizm və nəqliyyat sektorunda iqtisadi fəallığı artıran amillərdən biridir”.
Ekspertin fikrincə, toplanan məlumatlar və sərnişin axını üzrə aparılan analizlər əsasında sosial həssas qruplara daha sərfəli tariflər təklif edilə bilər:
“Məktəblilər üçün aylıq limitsiz kartın təxminən 15 manat, tələbələr üçün isə 20 manat səviyyəsində müəyyənləşdirilməsi mümkündür. Burada əsas prinsip yerüstü və yeraltı nəqliyyat arasında fərq qoyulmaması, vahid tarif sisteminin formalaşdırılmasıdır. Belə bir model həm sərnişinlərə, həm də nəqliyyat sektoruna fayda verə bilər”.
Aynurə İsmayıl
KONKRET.AZ
