Polşa polisi ölkənin yeni və əvvəlki hökumətləri arasında qarşıdurmanın kəskinləşməsi zamanı Prezident Andjey Dudanın sarayında bir neçə saat sığındıqdan sonra vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirli bilinən iki siyasətçini həbs edib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Prezident Duda keçmiş iqtidar partiyasının üzvlərini Prezident sarayında qarşılayıb, polis isə onları həbs etmək üçün evlərinə gedib. Polşa mediası həmin şəxslərin Prezident sarayının içərisində həbs edildiyini yazıb. Varşava polisi təfərrüatları açıqlamayıb, yalnız həbsin məhkəmə qərarına uyğun edildiyini bildirib.
“The Guardian” yazır ki, bu, Baş nazir Donald Tuskla Polşanı idarə edən millətçi-mühafizəkar Hüquq və Ədalət (PiS) Partiyası arasında mübahisəni daha da gərginləşdirib. Andjey Duda PiS ilə sıx əlaqədədir və Donald Tusk hökumətinin gündəminə qarşı çıxacağını açıq şəkildə bildirir. “The Guardian” xatırladır ki, Dudanın ikinci və son prezidentlik müddəti 2025-ci ilin ortalarına qədər davam edəcək.
Donald Tusk Prezident Dudanı “Qanun və ədalət” təşkilatının seçkilərdəki məğlubiyyətindən sonra xaos yaradan addımlarına göz yummaqda ittiham edərək bildirib ki, Prezident “çox təhlükəli vəziyyətə gətirib çıxaran bu tamaşanı dayandırmalıdır.
Polşanın Baş naziri əlavə edib ki, Prezident Duda axtarışda olan şəxslərə sığınacaq verməklə ədalətə mane olur. Mətbuat konfransında o, Andjey Dudanın qanunu pozduğunu və buna görə Cinayət Məcəlləsində üç aydan beş ilə qədər həbs cəzası nəzərdə tutulduğunu da deyib. “Mən sadəcə istəyirəm ki, Prezident siyasi dostlarının onu nəyə vadar etdiyini başa düşsün. Ona tələ quran dostlarıdır, mən yox”, – deyə Tusk bildirib.
Qeyd edək ki, mübahisə iki yüksək rütbəli məmur – keçmiş daxili işlər naziri Mariusz Kaminski və onun müavini Maciej Vonçik üzərində yaranıb.
Xatırladaq ki, keçmiş daxili işlər naziri Kaminski və onun müavini Vonçik 2007-ci ildə PiS-in rəhbərlik etdiyi hökumətdə çalışarkən vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirli biliniblər və dekabrda iki il müddətinə azadlıqdan məhrum ediliblər.
Yeri gəlmişkən, PiS partiyası 2015-ci ildə hakimiyyətə qayıdanda, Andjey Duda Kaminski və Vonçikini vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirli bilindikdən sonra əfv edib, lakin onların apellyasiya şikayətləri yuxarı məhkəməyə verilməyib və onlara yenidən yüksək dövlət vəzifələrində işləmək imkanı yaradılıb.
İyun ayında isə Polşa Ali Məhkəməsi əfv fərmanlarını ləğv edib və işin yenidən araşdırılmasına göstəriş verib.
Yanvarın 9-da Duda Kaminski və Vonçiki sarayına dəvət edib və onları özünə yeni müşavir təyin edib.
Parlamentin spikeri Szymon Holovnia Seymin bugünkü iclasını gələn həftəyə təxirə salıb.
Natiq Səlim,
KONKRET.az
