“Sizin uşağınız onların vecinə də deyil!” – “Məni söyməyiniz heç nəyi dəyişməyəcək!” backend

"Sizin uşağınız onların vecinə də deyil!” - "Məni söyməyiniz heç nəyi dəyişməyəcək!” 

Mənə evdə oturmuş, başları bağlı (bəzilərinin başı bayrağımızla bağlı) uşaqların şəkillərini göndərirlər. Göndərənlər də bir həftə qabaq məni mövqeyimə görə söyənlərdir.

Mesaj da budur ki, bax, bu məsum uşaqlara yazığın gəlmir?

Hər işin bir faktiki tərəfi var, bir də emosional tərəfi var. Biz millət olaraq, cənublu olduğumuza (günəşin çox olmasından) görə, əsasən, emosional insanlarıq. Qadınlarımız təbii ki, daha çox emosionaldırlar.

Əvvəl məsələnin faktiki, qeyri-emosional tərəfi.

Hökumət məktəblərdə vahid geyim qaydaları haqda qərar qəbul edib və bu qərarı həyata keçirtmək üçün kifayət qədər resursları da var.

Burda bu resurslarla bağlı bir haşiyə çıxmalıyam.

Dövlət zorun, gücün tətbiqi ilə bağlı monopoliyaya malikdir və bunun üçün onun qanunları da və bu zoru, gücü həyata keçirəcək insanları da bəs qədərdir.

Dövlət özünü qorumağı bacarmalıdır, özünü qoruya bilməyən dövlət, dövlət ola bilmir.

Mən vətəndaş olaraq maraqlıyam ki, dövlət güclü olsun, çünki o özünü qoruyanda, məni də qorumuş olur.

Maşında ən təhlükəsiz yer bilirsiniz haradır? Sürücünün arxasındakı oturacaq. Bilirsiniz niyə? Çünki təhlükədə sürücü ilk olaraq, özünü təhlükədən qaçıracaq və sən də onun arxasında olduğundan, ən az xəsarət alan sərnişin olacaqsan.

Hökumət qərar qəbul edibsə, hə, sən etirazını sözlərlə bildirə bilərsən.

Amma, çıxan qanuna qarşı çıxsan, bayaq dediyim gücün təsirini öz üzərində qaçılmaz görəcəksən.

İndi məsələnin emosional tərəfi.

Mənə uşağının şəklini göndərmiş anaya xitabən yazıram.

Əziz vətəndaşım, dəyərli xanımımız, sən uşağınla oturmusan dəmir yolunun üstündə. Uzaqdan da qatar sürətlə gəlir. Mən sənə deyirəm ki, relsdən özün də çıx, uşağını da çıxart, çünki o qatar dayanmayacaq və gəlib sizi yoldan vurub atacaq.

Sənin o qatara gücün çatmaz.

Sənin qulağına pıçıldayanlar var ha, xüsusən ölkədən qıraq səslər var ki, uzaqdan qışqırırlar, onları nə sən, nə də sənin uşağın maraqlandırır.

Onların məqsədi burda suyu bulandırmaqdır, çünki bulanlıq suda balıq tutmaq asandır. Bulanlıq suda balıq nə qarmağı görür, nə də balıqçını.

Başını bağladığınız o qız uşaqları nə baş verdiyini çox vaxt, anlamırlar.

Mənim sizə vətəndaş məsləhətim odur ki, uşağınızın başını açın, qəşəng darayın və məktəbə yollayın. Bu, xoşunuza gəlsə də, gəlməsə də, yeganə yoldur.

Şayiələrə də uymayın ki, kimsə hardansa gəlib sizə necəsə kömək edə bilər.

Uşağınızı nə qədər məktəbə aparmağı geçikdirsəniz, həm uşaq üçün, həm də sizin üçün fəsadları çox olacaq.

Məni bu yazıma görə də söyməyiniz heç nəyi dəyişməyəcək.

Mən həkiməm, o qədər insanlara onlara xoş olmayan diaqnozlar demişəm ki.

Əlavə etmişəm ki, müalicə ağrılı olacaq, çünki kəsməli olacağam. Bir müddət əziyyət çəkməlisən ki, qalan ömrünü ağrısız və rahat yaşayasan.

Həkim kimi məsləhətimi verdim, qərarı özünüz qəbul edin.

Əlavə də edirəm ki, qərarı tez verin, çünki xəstəlik qaldıqca, daha dərinə işləyir və fəsadları da daha ağır olur.

Hətta vaxtı keçirənlərə, təəssüf ki, daha heç kim kömək edə bilmir.

Bu cümləni həmişə yazmaq istəmişəm, amma imkanım olmayıb. Onu son cümlə olaraq yazıram:

Özlərinin o biri dünyada Cənnətlərini qazanmaq üçün başqaların həyatlarını bu dünyada Cəhənnəmə çevirmək istəyənlərə inanmayın.

Hümbət Həsənoğlu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*