ŞOK: Mədəniyyətimizə qarşı xainlik hardan qaynaqlanır? – 32 il bundan qabaq yazılmış məktubbackend

ŞOK: Mədəniyyətimizə qarşı xainlik hardan qaynaqlanır? - 32 il bundan qabaq yazılmış məktub

Akif ƏLİ, Fəlsəfə doktoru, Əməkdar jurnalist, Yazıçı-publisist.

1988-ci ildə Bakı Ali Partiya Məktəbinin dinləyicisi idim. Yay tətilində ailəlikcə Naxçıvana Batabat yaylasına istirahətə getmişdik. Orda vaxt imkanından yararlanıb, mədəniyyətimizin problemləri barədə düşündüklərimin bir qismini o vaxtkı Mədəniyyət naziri Zakir Nəriman oğlu Bağırova açıq məktub şəklində yazdım (bəzi sənətkarlar ona “Министр культуры” yox, “Культурный министр” – “Mədəni nazir” deyirdilər). Bakıya qayıdandan sonra  məktubu Mədəniyyət Nazirliyinə göndərdim, bir nüsxəsini də  “Azərbaycan gəncləri” qəzetinin redaksiyasına verdim. Təbii ki, nazirlikdən “adi vətəndaş” məktubuna reaksiya olmadı. Bir müddət sonra “Gənclər” qəzetinin əməkdaşı Elçin Mehrəliyev nəzakətlə üzr istəyərək, yazımı üstündəki dərkənarla birlikdə mənə qaytardı. Məktubun çapına razılıq verməyən Baş redaktor dərkənarda yazmışdı: “Yoldaş Mehrəliyev E.! Bu üslubda, bu həcmdə yazı bizi təmin etmir. Konkret sahənin konkret problemləri ilə bağlı publisistik yazını (təxminən, bir “podval” həcmində) dərc edə bilərik. İmza: Yusif Kərimov, 2.IX.1988.”

İndi üstündən 32 il keçəndən sonra, məhz “konkret sahənin konkret problemlərindən” bəhs edən həmin yazını “üslubuna və həcminə” dəymədən olduğu kimi məhz KONKRET.az saytı vasitəsilə hörmətli oxuculara təqdim edirəm. Əlbəttə, o vaxtdan çox sular axıb, çox sahələrdə, o cümlədən mədəniyyətdə də çox dəyişikliklər olub, deyilən məsələlərin müəyyən qismi həllini tapıb.

Bəs bu yazı niyə yadıma düşdü? Son günlər mədəniyyət mövzusu aktuallaşıb. Çünki Mədəniyyət nazirinin mədəniyyətsiz müavini tutulub, nazir vəzifədən çıxardılıb. Və Prezident naziri vəzifədən çıxardan kimi, adəti üzrə bəzi diletant “hərşeyşünaslar” dərhal oyanıb mədəniyyətimizin bütün bəlalarını bir nazirin üstünə yükləməyə başlayıb. Nazirlə işim yox, ona qiymət vermək dövlət başçısının səlahiyyətindədir. Amma Mədəniyyət Nazirliyinin problemləri yeni deyil! Əbülfəz Qarayevdən qabaqkı nazir və ondan da qabaqkı nazir məgər “süddən çıxmış ağ qaşıqlar” idi? Əlbəttə yox. Məsələ daha gen və daha dərindir… Sadəcə bəlanı görəndə “mənə nə!” deyib susmaq, ötüb-keçəndən sonra isə arxadan söymək də bir vərdiş olub. Lakin söyüşlə uzağa gedə bilmərik və bilmirik! Ömrümüzdən gəlib-keçən və hər keçdikcə mənəviyyatımızdan, mədəniyyətimizdən, demək varlığımızdan bir parça qoparıb aparan problem qatarını saxlamaq üçün gərək hər işə vaxtında qeyrət göstərilə. O cümlədən, mədəniyyət sahəsində də vaxtında görülməyən o qədər işlər, o qədər itkilər olub ki…

Bu yazı da o itkilərimiz haqqında vaxtilə deyilənlərdən bir səhifədir.

***

Azərbaycan SSR Mədəniyyət naziri Z.N.Bağırova

AÇIQ MƏKTUB

Zakir Nərimanoviç!

Mənim Sizə demək istədiklərim əslində hamının gördüyü, bildiyi məsələlərdir və indi “durğunluq” dediyimiz o illərdə hər şey hamının gözü qabağında baş verirdi. Açıq danışmasalar da, bütün olanlardan hamı xəbərdar idi, xəlvəti him-cimlə, göz-qaşla, pıç-pıçla dərdləşirdilər. Hətta mən deyərdim ki, bir vaxtlar özləri etibarlı “durğunluq tormozu” rolunu icra edən, həm də çox məharətlə, cani-dildən, bütün vücudu ilə icra edən səlahiyyətlilərin və məşhurların bir çoxu bu gün dəsmal götürüb “dəbə uyğun tərtzdə” necə “sıxıldıqlarından, əzildiklərindən, vurulduqlarından” danışırlar…

Xülasə, bütün bu saxtakarlıqlar hər kəsin öz şəxsi ləyaqəti ilə bağlı olduğundan o mövzunu genişləndirməyə dəyməz. Onsuz da bu dünyanın bir üzü göz yaşıdırsa, bir üzü də gülüşdür… Ancaq mən əsasən ictimai mahiyyət kəsb edən, hamımıza, hər bir azərbaycanlıya, bütövlükdə bütün xalqımıza aid olan məsələlərdən danışmaq istərdim. Elə məsələlərdən ki, onlar xalqın mədəniyyəti, mənəvi dünyası ilə bağlıdır, geniş mənada onun maariflənməsi və tanınması, gələcəyi üçün vacibdir. Mənəviyyat məsələləri indi çox aktual problem kimi bütün ictimaiyyətin, partiya və sovet orqanlarının, qurultay və plenunmların diqqət mərkəzindədir. Bütün ideoloji idarələrin, təşkilatların, ilk növbədə isə, heç şübhəsiz, respublika Mədəniyyət nazirliyinin qarşısında bu sahədə həllini gözləyən problemlər dayanır.

Mən, necə deyərlər, gözümü açandan Sizi nazir görmüşəm. Özü də şəxsi əqidəmcə hər bir xalq üçün, hər bir millət üçün ən vacib və mühüm postlardan biri olan Mədəniyyət naziri vəzifəsində! Həmişə də məni bir sual düşündürüb. Fikirləşmişəm ki, rəhmətlik Mirzə Cəlil demişkən, aya doğrudanmı respublikada mədəniyyət sahəsində bir belə kəm-kəsirin, açıq-aydın dərd-sərin, problemin olduğunu nazir bilmir?! Əgər bilirsə, niyə dözür? Yox əgər bilmirsə, bəs onda necə dözür?..

Əgər dünən vəziyyəti camaatın yarısı bilib, yarısı bilmirdisə, bu gün artıq nazirliyin laqeyd müşahidəsi altında baş vermiş irili-xırdalı əskikliklər, laqeydliklər, başdansovdu, formal işlər üst-üstə toplanıb qorxulu şəkil aldığı və bu yandan da aşkarlıq dalğasının vurub bütün “cidaları çuvallardan çıxartdığı” üçün hamı hər şeyi görür, bilir, heç nə gizli qalmır. O ki ola göz qabağındakı mədəniyyət sahəsində…

Məlumdur ki, respublikamızda teatr, musiqi, rəssamlıq, heykəltəraşlıq, memarlıq, mədəni-maarif işi kimi sahələrin tərəqqisinə həm də Mədəniyyət Nazirliyi cavabdehdir.  Burada imtiyazlı nazir nəzarəti altında həmin sahələr üzrə xüsusi idarələr, şöbələr mövcuddur. Həmin idarələrdə, şöbələrdə sahələr üzrə mütəxəssislər çalışır.

***

Mədəniyyət Nazirliyinin fəaliyyət istiqamətlərindən biri olan abidələrimizə qayğı hamımızın yaralı yeridir. Bu ilin əvvəlində qonşu erməni ekstremistlərinin irəli sürdüyü “Dağlıq Qarabağ” iddiası hər bir azərbaycanlını ömrünün ən təşvişli, ən həyəcanlı və narahat günlərini yaşamağa vadar etdi. Qonşular ömür boyu ürəklərində gəzdirdikləri, xəyalən yaşatdıqları arzularını “demokratiya” pərdəsi altında aşkara çıxartdılar. Ekstremistləri nəzəri “postulatlarla” təmin edən erməni ziyalılarının ən “tutarlı dəlil-sübutları” isə məhz abidələrimizlə bağlıdır. Hadisələrin gedişindən belə məlum oldu ki, onlar uzun illər boyu Azərbaycan torpağındakı qədim tikililəri, abidələri mükəmməl öyrənmiş, hətta mənimsəmişlər. Bu işdə onlar bizim çoxumuzdan daha inadkar, daha həvəsli və daha ardıcıl olublar. Əgər belə olmasaydı, əvvəla, torpağımızdakı nadir qədim abidələrin çoxu dağılıb (yaxud “dağıdılıb”) getməzdi; ikincisi də bu abidələrin onun-bunun əlində oyuncağa, “elmi mübahisə” alətinə çevrilməsinə illər uzunu dözməzdik, nəsə bir iş görərdik… Qaxda, Şəkidə, Balakəndə, Tovuzda, Qazaxda, Abşeronda və b. yerlərdə qədim binalar, türbələr, hamamlar, Alban tikililəri demək olar ki məhv olub, xarabazara çevrilib. Halbuki məhz Alban məbədləri, – bizim xalqa məxsus bu qədim tikililər erməni alimlərinin tariximizə yaxmaq istədiyi qaraları, atdığı şər-böhtanları öz varlığı ilə darmadağın etmək iqtidarındadır.

Xudafərin körpülərinin aqibəti barədə jurnalistlər vaxtında “həyəcan təbili” çaldılar. Amma başı üzərindən “Domokl qılıncı” asılmış nə qədər abidəmiz öz xeyirxahını gözləyir; inanın ki hara ayaq basırsan, bu mövzuda mütləq bir acınacaqlı xəbər eşidirsən. Bu vəziyyətə dözmək olarmı? Dözmək olarmı ki: Bərdə məscidinin kövrək divarları “təmir” adıyla ağır beton örtüklü tavan altında qalıb dağılsın… Şamaxı məscidində muzey adıyla hörmətsiz-hörmətsiz heyvan müqəvvaları saxlansın… İçəri şəhərdə Xan Evinin bircə divarı qalsın…  Başdan-başa qoruq-şəhər olan qədim, ecazkar Ordubadın tarixi binaları illərlə adicə taxta-şalban gözləyə-gözləyə uçulub getsin… Səbayıl daşları gah oğurlansın, gah da üstünün yazıları kərki ilə vəhşicəsinə pozulub tökülsün… Nazirlik isə öz işini göz qabağında olan abidələrə ancaq titul-ünvanlar vermək, inventar nömrələri yapışdırmaqla bitmiş hesab edir. Bərpa-təmir briqadalarında kimlərin necə işlədiyi, “prorabların” nə göstərişlər verdiyi, ustaların haranı nə məqsədlə qazdığı, sökdüyü, yonduğu ilə maraqlanan yoxdur. Nəticədə başsız, nəzarətsiz qalmış bəzi üzdəniraq işçilər, naməlum ustalar abidələrin, qədim tikililərin başına elə oyunlar açır, elə varvarlıq  edirlər ki, eşidəndə dəhşətə gəlirsən. Dəhşətə gəlirsən ki, kimlərsə necə də rahatca tariximizin, mədəniyyətimizin kökünü qazıyır, onlara nəzarət etməli olanlarımız da necə rahatca yaşayırlar…

Bu yaxınlarda Batabat yaylasına gedərkən yolüstü Naxçıvanda məşhur Mömünə Xatın türbəsinə də baş çəkdik. Amma buradakı vəziyyəti “dəhşətli”, “həyəcanlı” yox, məhz adamı lərzəyə salan, bütün vücudunu yerindən oynadan bir vəziyyət adlandırmaq daha düzgün olardı.

Zakir Nərimanoviç, Azərbaycan SSR Mədəniyyət naziri kimi Sizə müraciət etməyi özümün vətəndaşlıq borcum bilib xatırladıram ki, Şərq memarlığının nadir incilərindən biri, Azərbaycan milli mədəniyyətinin qızıl səhifələrindən və incəsənətimizin şah əsərlərindən olan, fotoşəkillərini albomdan-alboma, bukletdən-bukletə köçürdərək fəxr elədiyimiz, qürrələndiyimiz, müqəddəs sandığımız həmin Mömünə Xatın türbəsinin uçulmaq təhlükəsi var! Bir tərəfi neçə müddət bundan əvvəl çokməyə başlamış abidənin bu gün şaquli mərkəz xəttindən təqribən 25-30 dərəcə yana meyllənmiş vəziyyəti təcili tədbir görülməsini tələb edir. Bu meyllənmənin qarşısı vaxtında alınmadığı üçün indi xüsusi cihazsız-filansız da adi gözlə türbənin əyildiyini görmək mümkündür. Bunun üçün sadəcə durub Naxçıvana getmək kifayətdir. Lakin  bunu təcili etmək lazımdır ki, abidə yıxılmamış ona çatıb fotoşəklini çəkmək mümkün olsun… Yoxsa sonra rəhmətlik Mirzə Cəlil demişkən, “dünyanın bütün huri-mələkləri tökülüşüb gəlsə də…”

***

Nazirliyin təsir dairəsində olan konsert müəssisələri, onların işi barədə də bəlkə çinovniklər “qənaətbəxş arayışlar” yaza bilərlər. Şübhəsiz, respublikada konsert işinin təşkilində müsbət hallar yox deyildir. Amma qazancımız – bizimlədir, itirdiklərimizin dərdinə qalmaq daha xeyirli olar. İtirdiklərimiz isə konsert müəssisələrində gedən işlərin yönündə, musiqi siyasətimizin istiqamətində, qayə və amallarındadır. Həqiqətən də, biz çox zəngin mədəni irsimizlə, xalq yaradıcılığının əsrarəngiz növləri olan muğamlarımız, mahnılarımız, aşıq musiqimizlə necə rəftar edirik?! Biz bu gün milli musiqimizin, xalq mahnı və rəqslərimizin də yad estrada, caz, pop qədər geniş təbliğinin, həvəslə yayılıb  inkişaf etdirilməsinin şahidi olmuruq. Azərbaycan respublikasında Azərbaycan xalq musiqisinin, xalq mahnı və rəqslərinin, muğamın, aşıq musiqisinin dominantlığı ildən-ilə sozalır, azalıb yerini bizim milli əxlaqımıza, mənəvi meyarlarımıza, dünyaya və sənətə baxışlarımıza, etik, estetik, fəlsəfi görüşlərimizə, nəhayət damarlarımızdan axan qanımıza yad olan əcnəbi ritmlərə, yabançı melodiyalara və səslərə, boğaz və sim tremolalarına verir. Əlbəttə, belə bir “yerdəyişmə”, mövqeyi “əldənvermə” təbii axınla, öz xoşuna, xalqın istəyincə olsaydı, vəziyyət daha pis olardı. Yaxşı ki bu, belə deyil və belə ola da bilməz! Amma görəndə ki, bu mövqe daha çox dövlət idarə sisteminin, yəni indiki halda respublika Mədəniyyət Nazirliyinin konsert siyasəti sayəsində (yaxud lap elə “məqsədyönlü fəaliyyətsizliyi” sayəsində) əldən verilir, xalqın musiqi duyumuna cır peyvəndlər edilir, – o zaman susmağın nəinki ənənəvi “qızıl”, heç “paslı dəmir” parçası qədər qiyməti qalmır. Bu gün susmaq, sabahkı oğul-uşaqlarımızın, nəvə-nəticələrimizin milli simasızlığına qol çəkmək, imkan verməkdir. Əgər onlar sabah gözlərini açıb qaynar aşıq nəğmələrinin, zərif xalq mahnılarımızın, “ağır-batman” muğamlarımızın əvəzinə “ekstra-pop” çığırtılarına qulaq asmalı olsalar və lirik rəqslərimizdən bixəbər halda “robotvari” ağılsız hərəkətlər etməyə başlasalar– bu hansı xalqın, hansı millətin övladları sayılacaq?! Və o övladların ata-babaları olan bizlər haqqında nə gümanlara düşəcəklər?

Əlbəttə, mən nazirliyə bütövlükdə xalqı milli simasızlığa sürükləyən bir aparat kimi amansız və məsuliyyətli yarlıq vurmaq fikrindən uzağam. Amma eşidəndə ki, Fransada,  İspaniyada, Almaniyada, Danimarkada, İsveçrədə, İngiltərədə, Amerikada və b. xarici ölkələrdə milli sənət incilərimizi, mənəvi irsimizi qorumaq üçün “Azərbaycan Mədəniyyət Cəmiyyətləri” təşkil olunur, mədəni-maarif dərnəkləri, musiqi və rəqs qrupları, xalq çalğı alətləri ansamblları, folklorumuzu təbliğ edən vokal-instrumental qruplar yaradılır, əcnəbi  həyat tərzinə uyğunlaşa bilməyən qardaş və bacılarımız buraya, Vətənə can atır, Vətən həsrəti ilə yanıb-yaxılır, lakin burada, Vətəndə xalqın mədəniyyətinin, mənəviyyatının, incəsənətinin nə vaxtsa ağır duruma düşməməsi üçün gözədəyən bir iş görülmür, o zaman məmurların hansı rəsmi “arayışına”, bəraət bəhanəsinə, “etiraz naməsinə” inanmaq  olar… Eşidəndə ki, Avropanın göbəyində oturub, “ekstra”, “ultra”, “elektron” pop-musiqiləri arasından Azərbaycan dilində “Aman, ayrılıq!” – deyə haray çəkən müğənni həsrət dolu səsində doğma xalları, qəlbimizin və zehnimizin ən qədim yaddaşını oyadan  kövrək telləri qorumağı üstün bilir, – o zaman səhər-axşam arada-bərədə çaqqıl-çuqqul, şıdırğı mahnılar oxuyan müğənnilərin nazirlik tərəfindən düzgün “istiqamətləndirildiyinə”, doğru “təlimatlandırıldığına”, əlaqədar idarənin “müvəffəqiyyətli”  fəaliyyətinə necə inanmaq olar…

Mən iki dəfə Mədəniyyət nazirliyinin xətti ilə dövlət tədbirlərinin hazırlanmasında ssenari müəllifi kimi iştirak etmişəm və az-çox bizdə indiyə qədər musiqi-konsert siyasətinin necə aparıldığını yaxından müşahidə edə bilmişəm. Birinci dəfə 1982-ci ildə Azərbaycan Komsomolunun XXX qurultayının nümayəndələri üçün yekun konsertin hazırlanmasında, ikinci dəfə isə böyük bəstəkarımız Üzeyir Hacıbəylinin 100 illik yubileyi münasibətilə İçəri Şəhərdə keçirilən bayram təntənələrinin təşkilində. Birinci tədbirin rejissorları Vaqif İbrahimoğlu və İlham Xanbudaqov, ikinci tədbirin rejissorları isə Vaqif İbrahimoğlu və Azərpaşa Nemətov idilər. Hər iki halda yaradıcı qrupumuz ənənəvi konsertlərdən fərqli olaraq tamaşa tipli müsamirələr təşkil etmək, milli koloriti ilə seçilən çoxkomponentli musiqili kompozisiya yaratmaq, mahnıların ayrı-ayrı avtonom nömrələr kimi deyil, küll halında bir yurdun, bir xalqın varlığı, yaradıcı potensialının şəkli kimi təqdim etmək niyyətində idi. Çalışırdıq “bizim” konsertə xalq musiqimizə yad mahnılar, zəif ara müğənniləri yaxın düşməsin. Amma deyir, sən saydığını say… Hər iki halda ssenarilər nazirlik tərəfindən təsdiq edilib “istehsalata” buraxılsa da, hər iki halda rejissorlara fikirləşdiklərimizi həyata keçirmək imkanı verilmədi. İllah da ki, birinci dəfə, Komsomolun konsertində. Məşq prosesində o konsertə ustalıqla “əl gəzdirildi” və Molla Nəsrəddin demiş, “quş həddinə” salındı. Nazirliyin rəhbərliyinin məşqlərə hər gəlişdə nəsə bir “düzəliş” etdi. Dövrün əsasən “milli işartılar” yönündəki qadağaları, “o olar, bu olmaz”  korreksiyaları qram-qram, misqal-misqal öz işini görürdü.

O dövrdə “nazir xofu” da güclü idi və onunla mübahisəyə cəhd göstərmək   sensasiya doğuracaq hal kimi qiymətləndirilirdi. Əslində belə bir cəhdə heç “əshabələr” də imkan vermirdilər, çünki nazirin beş addımlığı ona ən yaxın məsafə sayılırdı. Xülasə, qurultay nümayəndələri üçün “konsert-tamaşamız” hazır oldu, amma orada bizim düşündüklərimizdən əsər-əlamət yox idi. Konsert-tamaşa dönüb oldu hər yubileydə, bayramda, hər bayraq alanda, pambıq raportu verəndə təşkil olunan adi bir şablon, stereotip “hökumət konserti”. Bizim nəzərdə tutmadığımız, ssenariyə salmadığımız, lakin bütün hökumət konsertlərinin “gözü” sayılan “nomenkulatur” müğənnilər, zəif artistlər… Hər şey “qözəl, ütülü, səliqəli” – “inkişaf etmiş sosializm” cəmiyyətinin həyat tərzinə uyğun!.. Mədəniyyət Nazirliyi respublika rəhbərliyi yanında daha bir “xal” qazandı… Amma itirən xalq oldu, millət oldu. Çünki bu növ konsertlər milli simasızlığın ən bariz nümunəsidir. Yəqin ki, həmin konsertə dəvət olunan partiya və dövlət xadimləri də bu simasız, darıxdırıcı “şadyanalıqlarda”, hay-küylü “çal-çağırda” yalnız protokol naminə, zorla otururlar. Qatar kimi bir-birinin ardınca düzlənən, saxta “inkişaf etmiş sosializm cəmiyyəti” konsepsiyasının əməli “təntənəsini” bildirən, artıq “qaynayıb-qarışmış” xalqların “dostluğunu” tərənnüm edən o “hökumət konsertləri” xalqımızı, millətimizi hara aparır görəsən. Nazirlik bu barədə düşünürmü?!

Bu gün xalq mahnısına və muğam ifaçılığına meyl göstərən istedadlı müğənnilərin qıtlığı, həzin melodiyaların şıdırğı, çaqqıl-çuqqul oxuma-çalmalarla sıxışdırılması, professional səhnələrin bayağı ara müğənniləri tərəfindən zəbt olunması, xalq çalğı alətləri ansambllarının tərkibinə tədriclə qarmonun, klarnetin, gitaranın, ionikanın, skripkanın “diffuziya” etdirilməsi, klassik xalq üçlüyümüz – “trionun” az qala unudulması, xarici qastrola gedən kollektivlərin, ifaçıların stabil olmayan oynaq “prinsiplər” üzrə seçilməsi… və s. və i. Bu kimi irili-xırdalı dərd-sərin ortaya çıxmasında və çıxandan sonra da özünə meydan tapıb möhkəmlənməsində Mədəniyyət Nazirliyinin çoxillik “xidmətləri” az deyildir. İndi iş o yerə çatıb ki, sırf milli ansambla ekzotika kimi baxırıq.

***

Heç kimə sirr deyil ki, son beş-on ildə Azərbaycan teatrları paralizə olunmuş vəziyyətə düşüb. Əksər teatrlarımız əsil sənət həyatı ilə deyil, bu həyatın imitasiyası ilə (xalq arasında buna “gözə kül üfürmə” deyilir) məşğul olurlar, yaşayırlar (buna isə – “Allah kəssin belə yaşamağı!” deyirlər). Buna görə də teatrlarımız öz funksiyalarına  – xalqı maarifləndirmək, mədəni sərvətlərə qovuşdurmaq, gənc nəslin tərbiyəsi ilə məşğul olmaq, tamaşaçılara estetik zövq vermək, onların mədəni istirahətini təşkil etmək, sağlam əxlaq, geniş erudisiya, kamillik təbliğ etmək, nəhayət, qeyri xalqlar və millətlər arasında ünsiyyət, əlaqə vasitəsi olmaq funksiyalarına əməl edə bilmir. Teatrların bir çoxunda dedi-qodu, mənəvi kasadlıq, hətta miskinlik əlamətləri baş alıb gedir. Düzdür,  intriqa – bütün dünya teatrlarının doğma məşğuliyyətidir, amma bir var sənət naminə, quruluş, pyes, rol, söz, cümlə, ideya, ideal naminə intriqalar, bir də var bəd əməllər, miskin arzular, çirkablar zəminində gedən intriqalar. Bu proses isə teatrların, aktyor və rejissorların əmək və məişət şəraitlərinin, sənət və həyat qayğılarının nə dərəcədə həll olunmasından çox asılıdır. Tetrlarda sağlam sənət mühiti, iş və yaşayış şəraiti yaradılsa, intriqalar da necə deyərlər, “sağlam zəmində” gedər, sənət naminə olar.

Amma nəinki adamların sosial qayğılarına lazımi diqqət, əgər heç teatrların başı üstündə adicə damı yoxdursa, hansı sağlam mühitdən söz gedə bilər? Uzun illərdir Bakının teatrsevərləri opera, balet tamaşalarına həsrət qalıblar. Bu teatrın faciəsini doğuran səbəblər, orda yanğın törədib nəinki dövlətə milyon manatlarla ziyan vurmuş, ən əvvəl bir xalqın, bir millətin məbədinə, mənəviyyatına əl qaldırmış cinayətkar adamlar haqqında hələ də ictimaiyyətə məlumat verilməyib.

Mərhum rejissor Tofiq Kazımovdan sonra uzun müddət hökm sürən hərc-mərclik və özbaşınalıq sayəsində tamaşaçısını itirən Azərbaycan Dövlət Akademik Dram Teatrının dərdi lap böyükdür. Uzun illər Baş rejissorsuz “yaşayan” bu teatra Mədəniyyət Nazirliyi hannan-hana Şəki Teatrından Hüseynağa Atakişiyevi gətirdi, onu yerindən-yurdundan elədi, amma burda onun reformalarına arxa durmadı. İndi yenə teatrın Baş rejissoru yoxdur, yeni rəhbərlik, xüsusən H.Turabov öz şəxsi nüfuzu hesabına teatrın nüfuzunu qaldırmaq üçün əlindən gələni edir, amma orda problem, dərd-sər o qədər yığılıb ki… Akademik Teatr nazirlikdə ən elementar bir məsələni – işçilərə “akademik” statusuna uyğun məvacib ayrımasının həllinə nail ola bilmir!

Bakıda Mahnı Teatrının qapılarının açılacağı günü də hamı səbrsizliklə gözləyir.

Uzun illərdir Gənc Tamaşaçılar Teatrının fəaliyyəti də dayanıb. Onlara təzə bina tikildiyi üçün illərlə “müvəqqəti olaraq” Aktyorlar Evində daldalanıb gözləyirlər. Teatra sığınacaq verən Aktyorlar Evi özü isə gur fəaliyyətini zəiflədib, dönüb olub adi bir tədbirlər zalı.

Nazirliyin “repertuar siyasəti”  sayəsində əvvəlki şöhrətini itirən, şit, bayağı gülüşxanaya çevrilən Ş.Qurbanov adına Musiqili Komediya Teatrı da indi binasız qalıb. O da təmirə dayanıb və axırı “Allah kərimdir”! Qəribə burasıdır ki, 6-7 il əvvəl nazirlik bura Baş rejissor təyin etdiyi Vaqif Həsənovun da reformalarına arxa-dayaq durmadı. Başa düşmək olmadı ki, nazirlik bu teatrda tamaşaların keyfiyyətinin qaldırlmasını istəyir, yoxsa nə… Axı, vaxtilə bu teatrın ətrafına xeyli gənc entuziast toplaşmışdı və onların məqsədi Komediya teatrımızın nüfuzunu qaldırmaq, respublikadan kənarda da tanıtmaq idi. Amma həmin gənc rejissor, dramaturq, aktyor, rəssam və bəstəkarların arzuları, istəkləri, planları (bəzən də başları) Mədəniyyət Nazirliyinin “məhək daşına” dəydikcə, onların əli işdən soyudu, həvəsdən düşdülər, dağılışıb getdilər. Teatrın Baş rejissoru Vaqif İbrahimoğlu ilə birgə yeni təfsirdə, milli Meydan Teatrı, “Qaravəlli” oyun-tamaşa üslubunda hazırladığımız “Sıravi Seyfullanın Rütbə İztirabları” əsərini heç nazirlikdən “keçirə” bilmədik. Orda “Qaravəlli” sözü lağa qoyuldu və pyes rəsmiləşmədiyi üçün də tamaşaya qoyulmadı…

Gənclik şəhəri, igid fəhlələr məkanı Sumqayıtın Dram Teatrının isə ümumiyyətlə, yarandığı gündən binası olmayıb. Bu teatrın “qoz qabığına” soxularaq özgə bir təşkilatın səxavəti sayəsində 5-6 darısqal otağa yerləşdirilməsini görəndə gərək daş olasan ki, dözəsən. Şəraitsizlikdən, sağlam olmayan ab-hava üzündən ordakı kadr axıçılığına, baş rejissorların intensiv dəyişilməsinə isə hələlik nazirlik mətanətlə dözür (sonuncu dəfə nazirliyin “Baş rejissor təyin edib arxasından qaçmaq” felinə Oruc Qurbanov düşdü-çıxdı).

Ağdamda, Naxçıvanda teatrların qarşısında tamaşaçı problemi dağ kimi durur. Və hər iki şəhərin yerli camaatı deyir ki, “yaxşı tamaşa olsa” kim teatra getməkdən boyun qaçırar ki? O ki qaldı “Stepanakert” teatrına, gözdən-könüldən uzaq olan bu dövlət müəssisəsində yaradıcılıq prosesinin, teatrın ideya istiqamətinin, aktyorların bacarığının hansı “yana” inkişaf etdiyini, konkret olaraq nə cür “tamaşalar” hazırlandığını Mərkəzi Televiziyanın göstərdiyi “4 gün Dağlıq Qarabağda” verilişində çıxış edən əməkdar aktrisanın söhbətini dinlədikdən sonra təsəvvür etmək olar. Yeri gəlmişkən, bütün bu sadaladıqlarımızın fonunda inanmaq mümkündürmü ki, açılması barədə operativcəsinə  qərar qəbul edilmiş Bakı Erməni Dram Teatrında da həmin problemlər olmayacaq və o zaman xroniki şikəst doğulan bu teatr da əlavə bir narazılıq ocağına çevrilməyəcək?!

Bu ötəri baxışdan göründüyü kimi, nazirliyin heç bir “daşdan keçən arayışı”  respublikamızda teatr sənətinin “iflic” olmadığına inandıra bilməz (bir-neçə hörmətli, ahıl-ağsaqqal sənətçilərimiz məni qınamasın; söhbət ümumən teatrların inkişafından  gedəndə bir-iki yaxşı tamaşa, əsər, quruluşla kifayətlənmək olmaz). Bəs bu gözəl sənətdə var olan, yaşayıb-işləyən, dolanan, qəlbi həqiqi sənət eşqi ilə çırpınan, yaradıcılıq naminə yuxusuz gecələr keçirən yüzlərlə sənətçimizin halı necə olsun? Bu sənətkarlar uzun-uzadı, “əsrə bərabər” illər boyunca necə sıxıntı-üzüntülər, həm maddi, həm mənəvi sarsıntılar, aclıqlar, təlatümlü günlər keçirdiklərini, istedad və bacarıqlarının  odu-alovu şəraitsizlik ucbatından necə sönüb, puç olub getdiyini gördükcə və anladıqca rahat olmaq mümkündürmü?! Axı teatr xadimlərimizin arasında Azərbaycan milli mədəniyyətinə can-başla, sidq ürəkdən xidmət etmək istəyən nə qədər istedadlı rejissor, dramaturq, rəssam, aktyor, bəstəkar var! Onların istedadının boğulub getməsi Azərbaycan mədəniyyətinin itkisi deyilmi? Onlara qayğı Mədəniyyət Nazirliyinin ümdə vəzifəsi, borcu deyilmi? Axı istedad nadir hadisədir. Ən istedadlı xalq belə durmadan-dayanmadan, gecə-gündüz istedad istehsal edə bilməz. İstedadı dərhal görmək, qayğı göstərmək, yetişdirmək, qorumaq lazımdır. Böyük şairimizin hələ 20 il bundan qabaq dediyi kimi, istedada qayğı “sözü” yox, qayğı “özü” lazımdır! Mən qəti əminəm ki, istedadı qiymətləndirə bilmək də bir istedaddır.

Bu gün keyfiyyətli aktyor həsrətində olan AzDramadan vaxtilə istedadlı gənc aktyor Şahmar Ələkbərovun küsüb getməməsi üçün, inciyib gedən Hamlet Xanızadənin teatra  qaytarılması üçün, mərhum sənətkar Səməndər Rzayevin qorunması üçün… və onların əvəzinə teatra ən müxtəlif yollarla neçə-neçə istedaddan məhrum, həvəskar özfəaliyyət səviyyəli, Akademik Teatr aktyoru kimi yüksək peşəkarlığa malik olmayan artistlərin  doluşmaması üçün Azərbaycan SSR Mədəniyyət Nazirliyi nə etmişdir?!

Təəssüf ki, respublikamızın teatr həyatında belə cavabsız suallar çoxdur…

***

Rayonlarımızda, kənd yerlərində mədəni-maarif işi lazımi səviyyədə deyil. Bir çox kənd klubları baxımsızlıq ucbatından uçub dağılır, bir çoxu isə başqa məqsədlər üçün, məsələn, barama saxlamaq üçün, hansısa təsərrüfat qayğıları üçün işlədilir. Onların çoxunun inventarı yararsız haldadır, qırılıb, sökülüb, dağılıb. Musiqi alətləri ya çatışmır, ya köhnə olur. Heç bir maraqlı tədbir keçirilmir, camaatın asudə vaxtının təşkilinə biganəlik göstərilir. Bütün bunların nəticəsi də o olur ki, cavanlar, dizində təpər olanlar baş götürüb kəndlərdən gedir, şəhərlərə axışır, teatr-konsert, mədəniyyət mərkəzlərinə yığışırlar. Təsərrüfatın işçi qüvvəsi azalır, kəndlər kimsəsizləşir və beləliklə “perspektivsizlik” siyahısına düşür…

Naxçıvanda olarkən Naxçıvan Dövlət Filarmoniyasının ilk Baş rejissoru H.Həmzəyevlə onun indiki iş yerində… kooperativ paltar tikişi sexində görüşüb tanış olduq. Nə üçün baş rejissorluğu, incəsənəti atıb tam əks bir sahəyə keçməsi ilə maraqlandım. İki səbəb göstərdi: əvvəla, dedi maaşı az idi, mən boyda kişinin evə “qəpik-quruş” aparması ayıbdı… İkincisi də bəlkə dözmək olardı, əgər Mədəniyyət Nazirliyi qayğı göstərsəydi, işin təşkilində kömək etsəydi, təzə yaradılmış yerdə mənə bir qədər hayan dursaydı, meydanda tək-tənha qoymasaydı…

Elə başqa rayon və kənd klublarında, mədəniyyət ocaqlarında da işlərin lazım olan səviyyədə getməməsinə, kadrların yerlərdə həvəssiz, könülsüz işləməsinə əsas səbəb elə bu iki amillə bağlıdır. Halbuki Mədəniyyət Nazirliyi əsas funksiyasını yerinə yetirərək geniş xalq kütlələri arasında daha çox iş görə bilər, kənd yerlərində yaradıcı ziyalıların görüşlərini təşkil edə bilər, müxtəlif mədəni-kütləvi tədbirlər keçirə bilər. Xalqı təsərrüfat zonalarında həm səfərbər edər, həm də təmərküzləşdirər. Axı kəndə yaxşı bələd olan, kəndli psixologiyasını yaxından bilən ziyalılarımız nazirlik xətti ilə bilavasitə kənd yerlərində camaatla görüşüb üzbə-surət, açıq-aşkar söhbətlər aparsalar, kəndlini torpağa qayıtmağın vacibliyinə inandırsalar, lazım gələndə mədəniyyətin yüksəlməsi, sosial problemlərin həlli naminə yerlərdə bürokrat məmurlarla iş aparsalar, – daha faydalı olardı!

***

Vəssalam, Zakir Nərimanoviç!

Mənim Sizə demək istədiklərimin bir qismi bunlar idi. Özünüz də görürüsünüz ki, demədiklərimizdən ibarət böyük bir ümman hələ qalır. O ümmanda nazir olduğunuz uzun illər ərzində böyüyb-bərkimiş problem aysberqləri gəzişir. Onu da gördünüz ki, mənim məqsədim yalnız adi bir vətəndaş kimi respublikamın Mədəniyyət nazirinin diqqətini xalqımızın, millətimizin, vətənimizin taleyi, tərəqqisi, gələcəyi naminə həlli vacib məsələlərə yönəltməkdir. Bir halda ki bu problemlər var, bu qılınc başımızın üstündədir, niyə də vaxtında öz dərdimizə qalıb əlac qılmayaq? Boş-boşuna çəpik çalıb  güldüyümüz, yüngül-yüngül oynaqladığımız bəs deyilmi?!

Bəlkə də mənim bütün bu narahatlıqlarım və ələlxüsus da onların ucadan ifadə olunması nazir postundan baxanda, yaxud başqa bir yüksək zirvədən sadəlövhlük, ya “cavanlıq” kimi görünə. Amma o yerdə ki söhbət xalqın, elin mədəni sərvətindən gedir, o yerdə ki söhbət elin-obanın varlığından, lap adi bir kənd camaatının mənəvi dincliyindən gedir, nəhayət, o yerdə ki söhbət Vətəndən gedir, – orda nə “uzaqgörən siyasətbazlığa” qurşanmaq lazımdır, nə də yalançı, səmimi olmayan təvazökarlığa. O yerdə sadəcə vicdanla, qeyrətlə çalışıb iş görmək lazımdır. Öhdənə düşən bacardığın işi…

İmza: Akif Əli oğlu Məhərrəmov,

SSRİ Yazıçılar İttifaqının üzvü.

avqust, 1988-ci il,

Batabat yaylası.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*